Akademik Ədilə Namazova yetişdirdiyi alimlərlə zəngin elmi irs yaradıb
Bakı, 23 oktyabr, AZƏRTAC
Akademik Ədilə Namazova Azərbaycan tibb elminin inkişafında özünəməxsus iz qoyub, pediatriyanın gələcəyinə təsir göstərib və yetişdirdiyi alimlərlə zəngin elmi irs yaradıb.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin prorektoru tibb elmləri doktoru, professor Məlahət Sultanova akademik Ədilə Namazovanın anadan olmasının 100 illiyinə həsr edilmiş yubiley tədbirində çıxışı zamanı deyib. Məlahət Sultanova bildirib ki, akademik Ədilə Namazova haqqında danışmaq yalnız görkəmli alimin həyat və fəaliyyətini xatırlamaq deyil, həm də Azərbaycan tibb elminin inkişafına, pediatriya sahəsinin formalaşmasına və gələcək nəsillərin yetişdirilməsinə həsr olunmuş bir ömürdən bəhs etməkdir.
Ədilə Namazovanın həyat və fəaliyyətində uşaqlara qayğı, şəfqət, elmə bağlılıq və insan sevgisi mühüm yer tutub. Alimin ömür yolu müxtəlif nəsillər arasında mənəvi körpü yaradıb: bir tərəfdə həyata yeni göz açan körpələrin sağlamlığı və gələcəyi, digər tərəfdə isə onun yetişdirdiyi mütəxəssislərin və elmi irsinin davamçıları dayanır.
Professor vurğulayıb ki, akademik Ədilə Namazovanın Azərbaycanda elmi pediatriyanın banisi kimi tanınması onun Azərbaycan tibb elminin tarixindəki xüsusi mövqeyini ifadə edir. 1949–1953-cü illərdə Ağdamda çalışan gənc həkim uşaqlar arasında yoluxucu xəstəliklərlə mübarizəyə, təhlükəli infeksiyaların qarşısının alınmasına və profilaktik tədbirlərin təşkilinə xüsusi diqqət yetirib. Uşaqların immunizasiyası, kütləvi peyvəndləmə, evlərdə tibbi müayinələrin aparılması və süd mətbəxinin təşkili onun fəaliyyətinin mühüm istiqamətlərindən olub.
Məlahət Sultanova diqqətə çatdırıb ki, Ağdamda başlayan həkimlik fəaliyyəti sonralar akademik Ədilə Namazovanı geniş elmi tədqiqatlara, pediatriya sahəsində elmi məktəbin formalaşmasına və beynəlxalq səviyyədə tanınmağa aparan yolun başlanğıcı olub. Onun uşaqların sağlamlığının qorunmasına yönəlmiş fəaliyyəti və tibb elminin inkişafına verdiyi töhfələr zəngin elmi irsinin əsasını təşkil edib.