AKADEMİK HƏSƏN ƏLİYEV ADINA MÜKAFATLAR TƏQDİM EDİLMİŞDİR
Nazir Hüseynqulu Bağırov mərasimdə çıxış edərək, görkəmli alim, akademik, Coğrafiya İnstitutunun direktoru, Təbiəti Mühafizə Cəmiyyətinin sədri, Dövlət mükafatı laureatı mərhum Həsən Əliyevin ölkəmizin təbiətinin mühafizəsində, ekoloji biliklərin təbliğində əvəzsiz xidmətlərindən danışmışdır.
Müsabiqəyə 12 alimin ətraf mühitin mühafizəsinə dair əsərləri təqdim edilmişdi. Mükafatlar “Elm, təhsil, maarifçilik və təbiətə humanist münasibətin digər təbliğat formaları”, “Meşələrin qorunması, bərpası və artırılması”, “Biomüxtəlifliyin qorunması və davamlı inkişafı” nominasiyaları üzrə verilmişdir.
“Elm və təhsil” nominasiyasında “Ekologiya” dərsliyinə görə professorlar Rafiq Əliyev və Qara Mustafayev, “Biomüxtəlifliyin qorunması və davamlı inkişafı” nominasiyasında Böyük və Kiçik Qafqazın, Talışın yüksək dağ biçənəklərinin geobotaniki və fitosenoloji tədqiqinə görə AMEA Botanika İnstitutunun direktoru, akademik Vahid Hacıyev, habelə Azərbaycan flora və faunasının təbliğinə dair silsilə məqalələrə görə Qaşdar Əliyev mükafatlara layiq görülmüşlər. “Meşələrin qorunması və bərpası” nominasiyasında mükafat Zaqatala meşə mühafizəsi və bərpası müəssisəsinin Əliabad meşəbəyliyinin meşə gözətçisi Məmmədrəsul Gözəlova verilmişdir. Coğrafiya İnstitutunun aparıcı elmi işçisi Zakir Eminov “Azərbaycan əhalisi” monoqrafiyasına görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəxri fərmanı ilə təltif olunmuşdur.
Müsabiqənin qalibləri mərasimdə çıxış edərək, görkəmli ekoloq alim Həsən Əliyev haqqında xatirələrini söyləmişlər.