Akademik Sahib Əliyevin 90 illik yubileyinə həsr olunan konfrans keçiriləcək
Bakı, 12 may, AZƏRTAC
İyunun 22-də Elm və Təhsil Nazirliyinın akademik Y. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda görkəmli kimyaçı alim, AMEA-nın həqiqi üzvü, kimya elmləri doktoru, professor Sahib Əliyevin 90 illik yubileyinə həsr olunan “Neft kimyası, polifunksional monomerlər, oliqomerlər və polimerlərin sintezi” mövzusunda konfrans keçiriləcək.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, konfransın keçirilməsində əsas məqsəd görkəmli alimin elmin inkişafındakı rolunu bir daha işıqlandırmaqdır.
Konfransın elmi proqramında “Neft kimyası və neft emalı prosesləri” və “Monomerlər, oliqomerlər və polimerlər, kompozit materiallar” bölmələri üzrə plenar, şifahi və stend məruzələrinin dinlənilməsi nəzərdə tutulur.
Məruzələrin tezisləri müəssisə və ya təşkilat rəhbərinin imzaladığı məktubla birlikdə təqdim olunmalıdır. Təqdim olunan materiallar antiplagiat proqramında yoxlanıldıqdan sonra məruzələrin tezisləri toplusuna daxil ediləcək. Əvvəllər nəşr olunmuş, elmi yeniliyi olmayan, standartlara cavab verməyən materiallar Təşkilat komitəsi tərəfindən geri qaytarılacaq. Təşkilat komitəsi göndərilmiş materialların seçilmə və qəbul olunma hüququnu özündə saxlayır.
Tezislər mayın 15-dək qəbul ediləcək. Qəbul olunmuş məruzələr haqqında məlumatlar iyunun 10-dan başlayaraq müəlliflərə çatdırılacaq.