Akademik Teymur Kərimli: 20 Yanvar şəhidləri xalqımızın azadlıq gününü yaxınlaşdırdılar
Bakı, 19 yanvar, AZƏRTAC
Tarixboyu xalqımızın başına çox müsibətlər gətirilib, zaman-zaman millətimiz müxtəlif hücumlara, qarətlərə məruz qalıb. Azadlığımızın, müstəqilliyimizin astanasında isə biz daha bir qanlı hadisənin - 20 Yanvar faciəsinin şahidi olduq.
Bunu AZƏRTAC-a müsahibəsində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli söyləyib.
T.Kərimli bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhid olan oğul və qızlarımız tariximizə parlaq bir səhifə yazaraq müstəqilliyimizin bərpası üçün yol açıblar. Həmin gecə Azərbaycan xalqı yenilməzliyini, Vətənə, torpağa sədaqətini, müstəqillik və azadlıq uğrunda mübarizə əzmini dünyaya bəyan etdi.
Akademik T.Kərimli deyib: “1990-cı ilin şənbə gecəsi xalqımız heç nədən qorxmayaraq, çəkinməyərək əliyalın tankların qarşısına çıxaraq canlarını bizim bugünkü müstəqilliyimiz, azadlığımız yolunda qurban verib, ərazi bütövlüyümüzü hər şeydən üstün tutublar. Şəhidlik zirvəsinə yüksələn qəhrəman Vətən övladları bununla xalqımızın azadlıq gününü yaxınlaşdırdılar.1990-cı il hadisələri nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, əzmini qıra bilmədi. Çox keçmədi ki, Azərbaycan müstəqil dövlətə çevrildi, müstəqilliyimiz yenidən bərpa olundu. Qısa bir müddətdə dövlətimiz ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə siyasi, iqtisadi, mədəni və digər sahələrdə uğurla inkişaf etməyə başladı. Azərbaycan dünyaya qədim tarixə malik güclü dövlət olduğunu bir daha bəyan etdi. Hazırda Azərbaycan dünyada, regionda tanınan dövlətdir. Bütün bunlarda 20 Yanvar şəhidlərinin böyük rolu olub. Biz hər il 20 Yanvar şəhidlərinin xatirəsini böyük ehtiramla yad edirik, Allah bütün şəhidlərimizə rəhmət eləsin!”