Akademik Zərifə Əliyevanın elmi uğurları, ailə dəyərlərinə bağlılığı bugünkü və gələcək nəsillərə nümunədir
Bakı, 28 aprel, AZƏRTAC
Aprelin 28-də Xətai Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatı və Respublika Perinatal Mərkəzinin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin və görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın məzarlarını ziyarət ediblər.
Respublika Perinatal Mərkəzində davam edən tədbirdə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Zərifə xanım Əliyevanın həyatından və elmi yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bu günü Azərbaycan elminin böyük bayramı kimi dəyərləndirərək bildirib ki, Zərifə xanım Əliyevanın rəhbərliyi ilə gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişib. Bütün mənalı həyatı boyu yorulmaq bilmədən çalışan, elmin sirlərinə dərindən yiyələnmək üçün səylərini artıran, daim yeniliyə maraq göstərən Zərifə xanımın həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara, onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırıb.
Vüqar Rəhimzadə qeyd edib ki, Zərifə xanımın fəxri adları, titulları, mükafatları olduqca çoxdur. Bu adların və titulların hər biri qürur, iftixar mənbəyidir. Ümumiyyətlə, dövlətə, xalqa xidmət, Azərbaycan adının hər yerdə uca tutulması və daim onun işıqlı gələcəyi üçün addımların atılması bu ailənin bütün üzvlərinin həyat amalı olub. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Heydər Əliyev irsinin təbliği məqsədilə yaradılan Heydər Əliyev Fondunun prezidenti kimi ən möhtəşəm layihələrin müəllifi, eyni zamanda, Zərifə xanım Əliyevanın humanizm və vətənpərvərlik ənənələrinin layiqli davamçısıdır.
Sonra çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev diqqətə çatdırıb ki, görkəmli oftalmoloq vaxtilə Azərbaycanda geniş yayılmış traxoma, peşə fəaliyyəti ilə bağlı yaranan göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsi, habelə oftalmologiyanın problemlərinə dair bir çox sanballı tədqiqatların müəllifidir.
Digər çıxış edənlər Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olduğunu bildiriblər. Qeyd edilib ki, mərhəmət, xeyirxahlıq və vətənpərvərlik kimi keyfiyyətləri fəaliyyətində ümumiləşdirən Zərifə xanım Əliyeva sağlığında əfsanəyə çevrilən şəxsiyyətlərdəndir. Onun elmi uğurları, həkimlik peşəsinin məsuliyyətinin böyüklüyünü özündə təsdiqləyən fəaliyyəti, kiçik dövlət kimi dəyərləndirilən ailə dəyərlərinə bağlılığı, bir sözlə, əsl vətəndaşlığı bugünkü və gələcək nəsillərə nümunədir.