REGİONLAR
Akademik Zərifə Əliyevanın tədqiqatları Azərbaycan tibb elminin tarixində xüsusi yer tutur
Ağcabədi, 27 aprel, AZƏRTAC
Akademik Zərifə Əliyevanın tədqiqatları, alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində xüsusi yer tutur. Görkəmli alimin elmi və tibbi fəaliyyəti təkcə öz dövrü üçün deyil, bu gün üçün də mühüm əhəmiyyət kəsb edir və aktuallığını qoruyur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illik yubileyi münasibətilə Ağcabədi rayon Heydər Əliyev Mərkəzində keçirilən “Nurdan yaranıb nura qovuşan insan“ adlı tədbirdə səsləndirilib. Ağcabədi Rayon İcra Hakimiyyətinin, rayon Mərkəzi Xəstəxanasının və Ağcabədi Pedaqoji Kollecinin nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə akademik Zərifə Əliyevanın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Heydər Əliyev Mərkəzinin direktoru vəzifəsini icra edən Rövşanə Əliyeva, Ağcabədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rahilə Şükürova, Mərkəzi Xəstəxananın baş həkimi Təranə Məmmədova, Aran Ağcabədi TV-nin aparıcısı Pərvin Şakirqızı çıxış edərək, görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın zəngin və mənalı ömür yolundan, pedaqoji və həkimlik fəaliyyətindən, tibb elminə verdiyi dəyərli töhfələrdən, yüksək insani keyfiyyətlərindən danışıblar. Bildirilib ki, görkəmli oftalmoloqun keçdiyi şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. İnsanlara nur bəxş etmək missiyası, qayğıkeşliyi, nəcibliyi ilə könüllərdə özünə əbədi yer qazanmış akademik Zərifə xanım Əliyeva tibb sahəsində əldə etdiyi uğurlarla, fərdi keyfiyyətləri ilə ailəsinin və Vətəninin adını daim ucaldıb. Akademik Zərifə Əliyevanın xatirəsi xalqımız tərəfindən hər zaman əziz tutulacaq.
Sonda mərkəz əməkdaşları tərəfindən hazırlanmış “Zərif ana” adlı videoçarx nümayiş olunub.