REGİONLAR
Akademik Zərifə Əliyevanın xatirəsi xalqımız tərəfindən hər zaman əziz tutulacaq
Ağdam, 28 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağdam Rayon Heydər Əliyev Mərkəzində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdam Rayon İcra Hakimiyyətinin, YAP Ağdam rayon təşkilatının, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin və tibb işçilərinin iştirak etdiyi tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin Quzanlı qəsəbəsindəki abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.
Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Azərbaycanın Dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər akademik Zərifə xanım Əliyevanın alim kimi qazandığı böyük uğurların Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil etməsindən, yüksək ixtisaslı gənc alim kadrların yetişdirilməsində və oftalmoloq-həkimlərin ixtisaslarının artırılması işində xüsusi diqqətindən, zəngin mənəviyyata sahib mənalı ömür yolundan geniş söz açıblar.
Bildirilib ki, insanlara nur bəxş etmək missiyası, qayğıkeşliyi, nəcibliyi ilə könüllərdə özünə əbədi yer qazanmış akademik Zərifə xanım Əliyeva tibb sahəsində əldə etdiyi uğurlarla, fərdi keyfiyyətləri ilə ailəsinin və Vətəninin adını daim ucaldıb. Akademik Zərifə Əliyevanın xatirəsi xalqımız tərəfindən hər zaman əziz tutulacaq.