AKADEMİK ZƏRİFƏ XANIM ƏLİYEVANIN 85 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ ELMİ-PRAKTİKİ KONFRANS KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Lənkəran Dövlət Dram Teatrında görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 85 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilmişdir.
Tədbirin iştirakçıları əvvəlcə şəhərin Heydər Əliyev parkında ümummilli liderimizin abidəsinin önünə gül dəstələri düzmüş, böyük öndərin xatirəsini ehtiramla yad etmişlər.
Toplantıda Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti barədə sənədli film nümayiş olunmuşdur.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tədbirdə böyük alim, bacarıqlı pedaqoq, gözəl ana, akademik Zərifə xanım Əliyevanın mənalı ömür yolundan danışmış, onun ölkəmizdə tibb elminin inkişafı sahəsindəki xidmətlərini yüksək qiymətləndirmişdir.
Elmi-praktiki konfransda Lənkəran Tibb Məktəbinin direktoru İqbal Əmənullayevin «Azərbaycanda oftalmologiya elminin inkişafında akademik Zərifə xanım Əliyevanın rolu» mövzusunda məruzəsi dinlənilmişdir.
Mərasimdə rayon mərkəzi xəstəxanasının baş həkimi, tibb elmləri namizədi İlyas Səmədov, akademik Zərifə Əliyeva adına Göz Xəstəlikləri İnstitutunun şöbə müdiri, tibb elmləri namizədi Rasim Quliyev, rayon ağsaqqallar şurasının sədri Kamal Kələntərli və başqaları görkəmli alimin elmi, pedaqoji və ictimai fəaliyyətindən danışmış, onun mənalı ömür yolunun gənclərə örnək olduğunu bildirmişlər.