Ali Məclisin 2024-cü il yaz sessiyasının ilk plenar iclası keçirilib
Naxçıvan, 1 fevral, AZƏRTAC
Fevralın 1-də Ali Məclis sədrinin müavini Anar İbrahimovun sədrliyi ilə altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2024-cü il yaz sessiyasının ilk plenar iclası keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Anar İbrahimov sessiyanı açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Anar İbrahimov diqqətə çatdırıb ki, yaz sessiyasında və il ərzində əsas mövzulardan biri Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə bağlı tədbirlər olacaq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il dekabrın 30-da “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. Ali Məclisin bununla bağlı xüsusi iclası keçiriləcək. Yubiley münasibətilə digər önəmli tədbirlərin təşkil edilməsi də nəzərdə tutulur. Bu sessiyada qanun layihələri müzakirə edilməklə yanaşı, Konstitusiyanın tələbinə uyğun olaraq, Nazirlər Kabinetinin hesabatı da dinləniləcək. Bundan əlavə, Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsinin icrası haqqında məsələ müzakirəyə təqdim ediləcək. Həmçinin sessiyada İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) illik hesabatı dinləniləcək. Bu sessiyada Ali Məclis ölkə parlamentində qanunvericilik təşəbbüsü, xüsusilə büdcə qanunvericiliyinin təkmilləşdirilməsi və digər məsələlərlə bağlı çıxış edəcək.
Ali Məclis sədrinin müavini parlamentin yaz sessiyasının yüksək səviyyədə keçəcəyinə əminliyini ifadə edib, deputatlara uğurlar arzulayıb və iclasın gündəliyini diqqətə çatdırıb.
İclasın gündəliyinə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik işləri planının təsdiqi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hesablayıcı və İntizam komissiyalarının yaradılması məsələləri çıxarılıb.
Deputat Elman Cəfərli çıxış edərək, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” və “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncamların önəmindən danışıb.
Elman Cəfərli əhalini növbədənkənar prezident seçkilərində fəal iştirak etməyə səsləyib.
Gündəlikdə duran birinci məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov bildirib ki, Ali Məclisin fəaliyyəti qanunvericilik işləri planı əsasında qurulur. Daxili Nizamnaməyə əsasən növbəti sessiyanın ilk iclasında qanunvericilik işləri planı təsdiq olunmalı və Ali Məclisin iclasları bu plana uyğun keçirilməlidir. Bununla əlaqədar qərar layihəsi hazırlanıb və deputatlara təqdim olunub.
Sonra “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2024-cü il yaz sessiyasının qanunvericilik işləri planı haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı səsə qoyularaq qəbul edilib.
İclasın gündəliyində duran ikinci və üçüncü məsələlərlə bağlı Ali Məclisin sədr müavini qeyd edib ki, Daxili Nizamnaməyə əsasən, 2024-cü il Ali Məclisin yaz sessiyasının birinci iclasında Hesablayıcı və İntizam komissiyaları yaradılmalıdır. Həmin komissiyalar Ali Məclisin deputatlarından 1 il müddətinə 5 üzvdən ibarət tərkibdə seçilir.
“Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hesablayıcı komissiyasının yaradılması haqqında” və “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İntizam komissiyasının yaradılması haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarları oxunduqdan sonra ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.
Qəbul olunmuş qərarlarla deputatlardan Əmir Babayev, Günel Vəliyeva, İsa Məmmədov, Turan Məmmədli və Ehtibar İsmayılov Hesablayıcı komissiyanın, Vüsalə Əliyeva, Ehtimad Məmmədov, Hüseyn Niftəliyev, Aidə Allahverdiyeva və Tofiq Babayev isə İntizam komissiyasının üzvləri seçiliblər.
Bununla da Ali Məclisin yaz sessiyasının ilk plenar iclası başa çatıb.