CƏMİYYƏT
Ali Məhkəmə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçirib
Bakı, 13 may, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar mayın 13-də Azərbaycan Respublikasının Ali Məhkəməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə ağacəkmə aksiyası keçirib.
Bu barədə AZƏRTAC-a Ali Məhkəmənin mətbuat xidmətindən məlumat verilib.
Ali Məhkəmənin hakimləri və Aparat əməkdaşlarının qatıldığı aksiyada Ali Məhkəmənin sədri İnam Kərimov və ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev də iştirak edib.
Aksiya zamanı Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.
Ağacəkmə tədbirinin keçirilməsində məqsəd Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini anmaq, Ümummilli Liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdir.