ALİ MƏKTƏBLƏRƏ SƏNƏD QƏBULU MƏNTƏQƏLƏRİ MÜƏYYƏNLƏŞDİRİLMİŞDİR
Orta, orta ixtisas və ya peşə məktəbini 2004-cü ildə bitirən abituriyentlər sənədlərini iyunun 18-dən 30-dək hər gün (şənbə və bazar günləri də daxil olmaqla) saat 9-dan 18-dək təhsil aldıqları tədris müəssisəsinin yerləşdiyi rayonun (şəhərin) təhsil şöbəsində yaradılmış Sənəd Qəbulu Komissiyasına (SQK) təqdim edirlər.
Orta, orta ixtisas və ya peşə məktəbini əvvəlki illərdə bitirən abituriyentlər sənədlərini iyunun 8–dən 15–dək hər gün (şənbə və bazar günləri də daxil olmaqla) saat 9-dan 18-dək Azərbaycan bölməsi üzrə Memarlıq və İnşaat Universiteti, Texniki Universitet, Müəllimlər İnstitutu, rus bölməsi üzrə Tibb Universiteti (Bakı şəhəri), hər iki bölmə üzrə Naxçıvan Dövlət Universiteti (Naxçıvan şəhəri), Sumqayıt Dövlət Universiteti (Sumqayıt şəhəri), Azərbaycan Texnologiya Universiteti (Gəncə şəhəri), Mingəçevir Politexnik İnstitutu (Mingəçevir şəhəri), Lənkəran Dövlət Universitetində (Lənkəran şəhəri), kənd rayonlarından olan əvvəlki illərin məzunları isə yaşadıqları rayonların təhsil şöbələrində yaradılmış Sənəd Qəbulu Komissiyasına verə bilərlər.
Abituriyentlər SQK-na təhsil haqqında sənədin əslini, şəxsiyyət vəsiqəsi (16 yaşı 2004-cü il iyunun 1-dək tamam olmayanlar-doğum haqqında şəhadətnamənin əsli), hərbi bilet və ya çağırışçı vəsiqəsi (1969-1987-ci il təvəllüdlü gənclər), yeni çəkilmiş 3 x 4 sm ölçüdə 4 ədəd fotoşəkil (hamısı eyni olmaq şərti ilə) təqdim edirlər.
1969-1986–cı il təvəllüdlü (1986-cı il iyulun 20–dək anadan olmuş) 35 yaşınadək olan gənclərin möhlət haqqında arayışı və hərbi sənədlərində bu barədə respublika Hərbi Komissarlığının qeydiyyatı olmalıdır.
Orta ümumtəhsil məktəblərinin 2004-cü il məzunlarından möhlət haqqında arayış tələb olunmur.