Ali təhsil müəssisələri üçün “Sosiolinqvistika” adlı dərs vəsaitinin hazırlanması istiqamətində iş aparılır
Bakı, 22 iyul, AZƏRTAC
“Dilin sosial diferensiallaşması” monoqrafiyasında sosiolinqvistikanın nəzəri əsasları, dilin sosial diferensiallaşmasının tədqiqi tarixi, bu prosesin yaranma səbəbləri, tədqiq metodları və dil sistemində təzahür formaları geniş şəkildə təhlil olunub. Əsərdə göstərilir ki, cəmiyyətin sosial strukturu ilə dil arasında qarşılıqlı əlaqə mövcuddur və sosial dəyişikliklər dilin müxtəlif səviyyələrində öz əksini tapır. Bu baxımdan gender, yaş, peşə, sosial təbəqə və ideologiya kimi amillərin dilə təsiri ayrıca tədqiqat obyekti kimi araşdırılıb. Bununla yanaşı, sosiolekt, idiolekt, arqo, jarqon, slənq, bilingvizm və diqlossiya kimi anlayışların mahiyyəti izah olunub, onların Azərbaycan dilində təzahür xüsusiyyətləri elmi faktlar əsasında ümumiləşdirilib.
Bunu AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin müəllimi, filologiya elmləri üzrə fəlsəfə doktoru, monoqrafiyanın müəllifi Anar Fərəcov deyib.
Müəllif bildirib ki, monoqrafiyada müasir dövrün çağırışları da diqqətdən kənarda qalmayıb. Belə ki, internet mühiti, rəqəmsal kommunikasiya vasitələri və sosial şəbəkələrin dilə təsiri ayrıca istiqamət kimi araşdırılıb, yeni kommunikasiya şəraitində yaranan dil hadisələrinin sosial xarakteri təhlil edilib.
Onun sözlərinə görə, qloballaşma və rəqəmsallaşma şəraitində baş verən bu dəyişikliklərin öyrənilməsi Azərbaycan dilinin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Anar Fərəcov qeyd edib ki, tədqiqatın əsas elmi yeniliyi Azərbaycan dilçiliyində dilin sosial diferensiallaşması probleminin ilk dəfə kompleks şəkildə sistemləşdirilməsi, bu prosesə təsir edən sosial amillərin müəyyənləşdirilməsi və Azərbaycan dilində onların təzahür formalarının elmi baxımdan ümumiləşdirilməsidir. O bildirib ki, monoqrafiyada irəli sürülən elmi nəticə və ümumiləşdirmələr gələcəkdə bu istiqamətdə aparılacaq tədqiqatlar üçün metodoloji baza rolunu oynaya bilər.
“Monoqrafiya yalnız dilçilər üçün deyil, həm də sosioloqlar, psixoloqlar, psixolinqvistlər, kommunikasiya üzrə mütəxəssislər, magistrant və doktorantlar üçün faydalı elmi mənbədir. Əsərin nəticələri ali təhsil müəssisələrində sosiolinqvistika fənninin tədrisinin təkmilləşdirilməsinə, yeni dərslik və dərs vəsaitlərinin hazırlanmasına da töhfə verəcək. Bu monoqrafiya sosiolinqvistika istiqamətində planlaşdırılan elmi işlərin ilk mərhələsidir. Hazırda əldə olunan elmi nəticələr əsasında ali təhsil müəssisələri üçün “Sosiolinqvistika” adlı dərs vəsaitinin hazırlanması istiqamətində iş aparılır. Gələcəkdə bu sahə üzrə yeni elmi tədqiqatların və nəşrlərin ərsəyə gətirilməsi nəzərdə tutulub”, - deyə Anar Fərəcov deyib.