MƏDƏNİYYƏT
ALİM QASIMOB “ŞƏRQ TƏRANƏLƏRİ” FESTİVALININ BİRİNCİ MÜKAFATINI ALDI
Səmərqənddə “Şərq təranələri” III Beynəlxalq musiqi festivalı başa çatmışdır. Dünyanın 32 ölkəsindən 200-dən artıq ifaçının iştirak etdiyi musiqi bayramında respublikamızı Azərbaycanın xalq artisti, YUNESKO mükafatı laureatı Alim Qasımov təmsil etmişdir.
Məşhur Registan meydanında keçirilən və beş gün davam edən musiqi forumunda Özbəkistan baş nazirinin müavini, “Şərq təranələri” festivalı təşkilat komitəsinin sədri Həmidulla Karamanov, YUNESKO-nun şöbə rəisi xanım Noriko Aykova, dünyanın bir çox ölkələrindən gəlmiş məşhur musiqi nəzəriyyəçiləri və muğam biliciləri iştirak etmişlər.
Festivalın sonuncu günü laureatların adları elan olunmuşdur. Azərbaycanın xalq artisti Alim Qasımov, özbək ifaçıları Sahib Niyazov və Nəbican İbrahimov festivalın birinci mükafatına layiq görülmüşlər. İkinci yeri Gürcüstan və Hindistan ifaçıları, üçüncü yeri Türkiyə və Yunanıstan incəsənət ustaları tutmuşlar.
Məlum olduğu kimi, 1997-ci ildə Səmərqənddə keçirilən “Şərq təranələri” I musiqi festivalında Azərbaycandan gəlmiş müğənni Simarə İmanova baş mükafata layiq görülmüşdü. Simarə xanım o vaxtdan Özbəkistanda sevilən müğənnilərimizdən biridir. Indi isə bu siyahıya Alim Qasımovun adı əlavə olundu.
Festivalın münsiflər heyətinin sədri, Cənubi Koreyadan gəlmiş professor, Şərq musiqisinin bilicisi Xan Myunq Xi AZƏRTAC-ın müxbiri ilə söhbətdə demişdir:
- Mən Alim Qasımov haqqında çoxdan eşitmiş, oxuduğu muğamlara qulaq asmışdım. “Şərq təranələri” festivalında isə mən Alimin bənzərsiz ifasına vuruldum. Ona həyəcansız qulaq asmaq olmur. O, 27 dəqiqə “Çahargah” muğamını oxudu və öz ifası ilə hamını ovsunladı. Çox şadam ki, Alim Qasımov kimi bir xanəndə ilə təmasda olmuş, ona festivalın birinci mükafatını təqdim etmişəm.
Xanım Noriko Aykova isə bunları dedi:
- Alim Qasımovu çoxdan tanıyıram və müxtəlif ölkələrdə görüşmüşük. Onunla hər görüşdən sonra mən muğama daha çox bağlanıram. Mən düşünürəm ki, incəsənət xalqları bir-birinə yaxınlaşdırır, muğam isə birləşdirir. Bu qədim musiqinin sehrkar gücü bundadır.
Musiqi bayramı qərb ölkələrinin aparıcı teleşirkətləri tərəfindən dünyanın 60 ölkəsinə birbaşa yayımlanmışdır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Səmərqənd