ALİMLƏR HESAB EDİRLƏR Kİ, QAZLI İÇKİLƏR XƏRÇƏNG XƏSTƏLİYİ TÖRƏDİR
ABŞ əhalisinin qida ilə bağlı vərdişlərini tədqiq edən alimlər yəqin etmişlər ki, ölkədə qazlaşdırılmış içkilərin adambaşına istehlakı son 50 ildə 450 faiz, qida borusunun xərçəngi xəstəliyinə tutulanların sayı isə son 25 ildə 570 faiz artmışdır.
Yaponiya, Çin, Tayvan, Koreya, Hindistan və Şərqi Avropa ölkələrində hər il adambaşına azı 35 litr qazlı su içilir. Buna görə də orada xərçənglə xəstələnmə hallarının artımı cüzidir. İldə adambaşına 75 litr qazlı içki içilən Qərb ölkələrində qida borusunun xərçəngi xəstəliyinə tutulanların sayı getdikcə artır.
Bu alkoqolsuz içkilər mədənin turşuluğunu artırır. Mədə şişir, gəyirmə nəticəsində mədə turşusu qida borusuna düşür və onun toxumalarını aşındırır.
Bundan əvvəlki tədqiqatlar göstərmişdir ki, bir banka koka-kola mədənin turşuluğunu artırır və bu, 53 dəqiqə ərzində dəyişməz qalır. Əgər insan 20 il ərzində gündə 2 banka koka-kola içirsə, bu, onun səhhətinə ciddi zərər vurur.
Bundan əlavə, belə içkilərin tərkibində şəkərin çox olması nəticəsində onlar gec partlayan kalorili bomba kimidir. Qazlaşdırılmış içkilərin tərkibindəki kofein də orqanizm üçün çox zərərlidir. Kofein hətta cavanlarda qan təzyiqinin artmasına səbəb olur.