ALİMLƏR MONA LİZANIN SƏSİNİ CANLANDIRMIŞLAR
AZƏRTAC xəbər verir ki, Röyter agentliyinin yaydığı məlumata görə, yaponiyalı alim Suzuki Leonardo da Vinçinin şah əsəri qəhrəmanının sifət və əllərinin parametrlərini ölçərək, bunun əsasında qadının çəkisini müəyyənləşdirmiş, habelə qafa tasının ehtimal olunan formasını yaratmışdır.
Rəqəmləşdirilmiş bu məlumat kompyuterə yerləşdirilmişdir. Növbəti mərhələdə isə Cokondanın səsi yaradıldı. Bu məqsədlə böyük məlumat bazasından istifadə etmişlər. Həmin bazada 100 mindən artıq adamın fotoşəkilləri və onların sahiblərinin səsləri haqqında məlumat toplanmışdır. Suzuki bildirmişdir ki,əldə olunan səs bütün parametrlərinə görə Cokondanın səsinə yaxındır. Ekspert demişdir ki, onlar tanınmış şəxsiyyətlərin səslərini əvvəllər də bərpa etmişlər. Onların hamısı əsillərinə uyğun gəlir, filmlərin səsləndirilməsində istifadə olunurdu.
Suzuki təsdiq edir ki, hər adam fərdi səs diapozonuna malikdir. Alim əmindir ki, Cokondanın səsini 90 faiz dəqiq bərpa edə bilmişdir.Tədqiqatın nəticələrinə görə, Cokonda, sanki, bu kəlmələri deyir: “Mən Mona Lizayam. Mənim əsil mahiyyətim sirrdir”.
Bəzi tədqiqatçılar Mona Lizanın Leonardo da Vinçinin özü olduğu qənaətindədirlər. Ona görə də bu kəşf xüsusi maraq doğurur. Yeri gəlmişkən, rəssamın səsini də canlandırmağa çalışmışlar. Doğrudur, burada çətinliklər ortaya çıxmışdır, çünki bığ və saqqal rəssamın sifətinin alt hissəsini görməyə imkan vermir. Buna görə də, alimlər qafa tasını yalnız qismən bərpa edə bilmişlər.