ALMAN-AZƏRBAYCAN FORUMUNUN ÜZVÜ SAMİRƏ İSMAYILOVANIN ÇIXIŞI
- Möhtərəm cənab Prezident!
Almaniyada yaşayan azərbaycanlı və Alman-Azərbaycan Forumunun üzvü kimi Sizi bu torpaqda salamlayır, bizimlə görüşə vaxt ayırdığınıza görə təşəkkür edirəm. Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ölkəsindəki inkişafdan qürur duymalıdır. Biz Azərbaycanda baş verən dəyişiklikləri həmişə izləyirik. Bu inkişafı uzaqdan seyr edir, ölkəmizin ictimai həyatındakı müsbət prosesləri görürük. Əlbəttə, bu əhəmiyyətli dönüşün təməli xalqımızın ulu öndəri, mərhum Prezidentimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Məhz 2001-ci ildə onun təşəbbüsü ilə Dünya azərbaycanlılarının I qurultayı keçirilmişdir. Sonra isə bu ənənəni Siz davam etdirərək, 2006-cı ildə Dünya azərbaycanlılarının II qurultayını təşkil etdiniz. Bu, xaricdə yaşayan azərbaycanlılara olan böyük diqqətinizi göstərir. Hesab edirəm ki, bugünkü görüş də bu yolun davamında yeni bir mərhələdir.
Bu gün Azərbaycan dünya miqyasında iqtisadiyyatı sürətlə inkişaf edən ölkə, neft səltənəti kimi tanınır. Eyni zamanda, Azərbaycan təkrarolunmaz xalq yaradıcılığı, Şərq və Qərb mədəniyyətinin vəhdətinə malik, həm də müasirliyi, yeniliyi ilə seçilən bir ölkədir. Biz Azərbaycan və Almaniya əlaqələrinin mədəniyyət sahəsində və digər istiqamətlərdə daha da möhkəmləndirilməsinə çalışırıq. Bundan başqa, Azərbaycanın gələcəyi üçün çox vacib olan turizm sahəsində planlar nəzərdə tutulubdur. Çünki Avropada yaşayanlar, o cümlədən almanlar Azərbaycana çox məmnuniyyətlə səyahət etmək istəyirlər. Bu, Avropa ilə Azərbaycan arasında əlaqələrin inkişafında ən vacib amillərdən olacaqdır.
Alman-Azərbaycan Forumu xalqımız üçün ən yaralı məsələ olan Qarabağ problemində ölkəmizin ədalətli mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasına mədəni, bədii sənət yolu vasitəsilə yardımçı olur. Belə ki, Qarabağın nəinki Azərbaycanın tarixi-coğrafi baxımdan, eyni zamanda, mədəni və mənəvi cəhətdən ayrılmaz bir hissəsi olmasının dünya ictimaiyyətinə çatdırılmasında forumumuz fəal rol oynayır. Bundan əlavə, informasiya vasitələri, jurnalistlərlə görüşlərin keçirilməsi, xarici ölkələrin televiziya və radiolarında ölkəmiz haqqında mütəmadi məlumatların getməsi də çox vacibdir.
2008-ci ildə Almaniyada Azərbaycan günlərinin keçirilməsinə dair geniş mədəni tədbirlər planı hazırlanır. Bu tədbirdə Şərq ölkəsi kimi Azərbaycan müasir baxımdan dolğun şəkildə təqdim olunacaqdır. Bu işdə incəsənət sahəsində çalışan gənclərin potensialından istifadə ediləcəkdir. Mən bu tədbirlərin, istəklərin həyata keçirilməsində Azərbaycan səfirliyinin dəstəyini qeyd etmək istəyirəm. Səfirlik dövrün tələblərinə uyğun mövqe tutaraq öz köməyini əsirgəmir, hər bir azərbaycanlı ilə əlaqə yaratmağa çalışır, bir çox tədbirlərin təşəbbüskarı kimi çıxış edir. Misal kimi, ötən il Azərbaycanın müstəqilliyinin 15 illiyinə həsr olunmuş mədəniyyət tədbirlərinin keçirilməsini deyə bilərəm. Bunlar Almaniyada yüksək səviyyədə müvəffəqiyyətlə keçdi və əks-səda doğurdu.
Çıxışımın sonunda demək istərdim ki, əgər əvvəllər xaricdəki azərbaycanlılar həsrət hissi ilə yaşayırdılarsa, bu gün qüvvətlənmiş, ölkəmizin müjdəçisinə çevrilmişlər. İnanıram ki, Almaniyada yaşayan digər həmvətənlərimizlə birlikdə həm siyasi, iqtisadi, mədəni və həm də Siz dediyiniz kimi, fərdi inteqrasiya yolu ilə Azərbaycanı təmsil etməliyik. Göstərilən diqqət və qayğıya görə Sizə, dövlətimizə təşəkkür edirəm. Hamınıza sıx əlaqə və səmərəli əməkdaşlıq arzulayıram.