ALMANİYA AZƏRBAYCAN QAÇQINLARI VƏ MƏCBURİ KÖÇKÜNLƏRİNƏ HUMANİTAR YARDIM PROQRAMINI DAVAM ETDİRMƏK NİYYƏTİNDƏDİR
Azərbaycan qaçınları və məcburi köçkünlərinə Almaniyanın dövlət və qeyri-dövlət humanitar yardımlarının 2002-ci ildə daha da artırılmasına nail olmaq məqsədi ilə ölkəmizin Almaniyadakı səfirliyi Federal Xarici İşlər Nazirliyinə, Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasına, Texniki Əməkdaşlıq Cəmiyyətinə (QTZ) və bir sıra digər humanitar yardım təşkilatlarına müraciət etmişdir.
Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası rəyasət heyətinin sədri, professor Knut İpsen cavab məktubunda yazır: ”Biz Azərbaycandakı qaçqınların və məcburi köçkünlərin ağır sosial vəziyyətindən xəbərdarıq. Almaniya Qızıl Xaç Cəmiyyətinin nümayəndələri ötən il Azərbaycanda olmuşlar. Mövcud vəziyyəti yerində qiymətləndirdikdən sonra cəmiyyətimiz məcburi köçkünlərin doğma yurdlarına qayıtması üçün Füzuli bölgəsində 65 evin bərpası layihəsini həyata keçirmək məqsədi ilə 500.000 alman markası məbləğində maliyyə yardımı etmişdir. Almaniya Qızıl Xaç Cəmiyyəti 2002-ci ildə də eyni məbləğdə maliyyə vəsaiti ayıraraq həmin layihədə iştirak etməyə çalışacaqdır”.
Almaniya Xarici İşlər Nazirliyinin idarə rəisi cənab Bernd Mütselburqun Federal Xarici İşlər naziri Yoşka Fişerin bilavasitə dəstəyi ilə yazdığı cavabda isə deyilir:
“Almaniya öz humanitar yardımlarını ölkənin BMT-də təmsil olunmuş və təşkilatlanmış qurumları və qeyri-hökumət təşkilatları, Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri vasitəsilə göstərir. Azərbaycanda həqiqətən qaçqınların sayı çoxdur və beynəlxalq təşkilatlar onların vəziyyətinə yardımçı olmaq işində məsuliyyət daşıyırlar. Bununla əlaqədar olaraq Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi 2001-ci ildə Azərbaycana 2 milyon alman markası dəyərində humanitar yardım ayırmış və BMT-nin Ümumdünya Ərzaq Proqramına daxil etmişdir. Həmin proqrama əlavə dəstək olaraq QTZ xətti ilə 2001-ci ildə 1,7 milyon alman markası həcmində yardım göstərilmişdir. Almaniya 2002-ci ildə də Azərbaycan qaçqınları və məcburi köçkünlərinə humanitar yardım göstərmək əzmindədir. Bu yeni yardım formasını dövrün tələblərinə uyğun qurmaq üçün Almaniyanın humanitar yardım təşkilatları Azərbaycanda olmalı, yerlərdə vəziyyəti öyrənərək yardım obyektlərini, onların ehtiyaclarını müəyyən etməlidirlər. Biz isə diqqətimizi bu sahədən yayındırmamışıq və imkanlarımızı əsirgəməyəcəyik”.
Yusif Xəlilov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin