RƏSMİ XRONİKA
ALMANİYADA KARATE ÜZRƏ AVROPA ÇEMPİONATINDA İŞTİRAK EDƏN İDMANÇILARIMIZ PREZİDENT HEYDƏR ƏLİYEVƏ TƏBRİK GÖNDƏRMİŞLƏR
Hazırda Almaniyanın Bremen şəhərində karate üzrə Avropa çempionatında iştirak edən idmançılarımız Azərbaycan Prezidenti Heydər Əliyevi 80 illik yubileyi münasibətilə təbrik etmişlər. AZƏRTAC-a daxil olmuş və respublika Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun imzaladığı məktubda deyilir:
- Əziz Heydər Əlirza oğlu!
Bu əlamətdar gündə - Sizin ad gününüzdə Almaniyada Avropa çempionatında olan ölkə yığma komandasının simasında Azərbaycan Milli Karate Federasiyası Sizi yubileyiniz münasibətilə təbrik edir, Sizə möhkəm cansağlığı və tezliklə Vətənə dönməyi arzulayır.
Biz Azərbaycan idmanının inkişafı işinə əvəzsiz töhfənizi və ölkəmizin gənclərinin ehtiyaclarına qayğınızı həmişə xatırlayır və qiymətləndiririk. Siz həmişə biz idmançılar üçün cəsurluq, dəyanət, sarsılmazlıq və qətiyyət nümunəsi olmusunuz.
Sizin ədalətsizliyə barışmaz münasibətinizin və müdafiəsizlərə qayğı göstərməyinizin öyrənilməsi bizi ruhlandırır və Şərq əlbəyaxa döyüş növlərinin fəlsəfəsinə daha dərindən yiyələnməyə kömək edir.
Milli Olimpiya Komitəsi, Gənclər, İdman və Turizm Nazirliyi və Milli Karate Federasiyası tərəfindən hazırlanmış, 2003-cü il aprelin 19-20-də yüksək səviyyədə keçirilmiş və dünya karate ulduzlarının toplaşdığı Prezident kuboku uğrunda beynəlxalq turnir Sizin yubileyinizə həsr edilmişdir.
Əziz Heydər Əlirza oğlu, icazə verin, 80 illiyiniz münasibətilə Sizə bir daha ürəkdən xoşbəxtlik və cansağlığı, daha bir o qədər də ömür sürməyi arzulayaq.