Almaniyanın Aşağı Saksoniya vilayətindən heyvandarlıq məhsullarının idxalına məhdudiyyət qoyulub
Bakı, 31 oktyabr, AZƏRTAC
Almaniya Federativ Respublikasının Aşağı Saksoniya vilayətindən heyvandarlıq məhsullarının ölkəmizə idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (WOAH) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatına əsasən, Almaniya Federativ Respublikasının Aşağı Saksoniya vilayətində blutanq xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün Almaniya Federativ Respublikasının Aşağı Saksoniya vilayətində, zonalaşma prinsipi nəzərə alınmaqla, blutanq xəstəliyi baş vermiş təsərrüfatın 150 kilometr radiusda olan məsafədən bütün növ diri iri və xırdabuynuzlu heyvanların, dəvələrin, həmçinin onlara aid genetik materialların idxalına WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan inzibati ərazi vahidindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.