ALMANİYANIN BADEN–VÜRTTEMBERQ FEDERAL ƏYALƏTİNDƏ AZƏRBAYCAN İQTİSADİYYATINA HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLMİŞDİR
Tədbirin əvvəlində Baden-Vürttemberq federal əyalətinin iqtisadiyyat, nəqliyyat və kənd təsərrüfatı nazirliyinin direktoru Hans Froydenberq və “Baden-Württemberg International“ təşkilatının icraçı direktoru Herbert Noyland Azərbaycan və Qazaxıstanın son illərdə əldə etdiyi iqtisadi nailiyyətləri alman şirkətlərinin də maraqla izlədiklərini bildirərək, bu ölkələrlə iqtisadi əməkdaşlıqda maraqlı olan şirkətlər üçün bu tədbirin olduqca əhəmiyyətli olduğunu vurğulamışdır.
Qazaxıstanın Almaniyadakı səfiri Nurlan Onzhanov son illərdə Almaniya-Qazaxıstan əlaqələrinin hər sahədə, o cümlədən iqtisadi sahədə də sürətlə inkişaf etdiyini vurğulayaraq, Qazaxıstanda həyata keçirilən iqtisadi islahatlar, əməkdaşlığın perspektivləri və alman şirkətləri üçün maraq doğura biləcək sahələr barədə ətraflı məlumat vermişdir. Xüsusilə enerji sahəsində Qazaxıstanın Almaniya üçün oynadığı rola diqqəti cəlb edən səfir, Almaniyanın da hər zaman Qazaxıstan üçün prioritet ölkələrdən biri hesab olunduğunu söyləmişdir.
Alman iqtisadiyyatının Orta Asiyadakı nümayəndəsinin müavini Qalia Şunusaliyeva Qazaxıstanın iqtisadi potensialı, əməkdaşlıq imkanları, müvəffəqiyyətli əməkdaşlıq üçün zəruri şərtlərdən bəhs edərək, Qazaxıstanın alman şirkətləri üçün əhəmiyyətli bir bazar olduğunu qeyd etmiş və imkanlarla yanaşı müəyyən risklərin də nəzərə alınmasının zəruriliyini vurğulamışdır.
“Landesbank Baden-Württemberg” şirkətinin nümayəndəsi Mixael Henneke Azərbaycan və Qazaxıstanda bank sektorunun mövcud vəziyyəti, inkişaf perspektivləri və qarşılaşdıqları çətinliklər barədə tədbir iştirakçılarına geniş məlumat verərək bildirdi ki, hər iki ölkədə bank sektoru getdikcə inkişaf etməkdə və çətinliklər azalmaqdadır.
Keçmiş hökumət sözçüsü və dövlət katibi, Azərbaycan-Almaniya Forumunun rəhbəri Otto Hauzer iki ölkə arasındakı münasibətlərin getdikcə inkişaf etdiyinə diqqəti çəkərək, bir çox sahədə, xüsusilə tolerantlıq sahəsində Azərbaycanda olduqca münbit şəraitin olduğunu xatırladaraq, Almaniyanın Azərbaycanın qədim dostu olduğunu bildirmişdir. On doqquzuncu əsrdən etibarən Azərbaycanda məskunlaşmış almanların Azərbaycanın ictimai və mədəni həyatında böyük rol oynadığını bildirən O.Hauzer Azərbaycanın bir çox bölgəsində arxitektura sahəsində almanların ortaya çıxardığı sənət əsərləri ilə qarşılaşdıqlarını bildirmişdir.
Sonra səfirliyin attaşesi Elman Muradov ölkəmizin son illərdə iqtisadi sahədə əldə etdiyi nailiyyətlər və qanunvericilik sahəsində həyata keçirilən islahatlar barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. O, təhsil, sosial təminat, məşğulluq, demoqrafik inkişaf, regionların inkişafı kimi müxtəlif istiqamətlərdə 30-a yaxın dövlət proqramının qəbul edilərək uğurla icra edildiyini, cari ildən etibarən qüvvəyə minən “Vahid pəncərə sistemi” ilə birlikdə xarici sərmayədarlar üçün ölkəmizin cəlbedici məkana çevrildiyini diqqətə çatdıraraq, son illərdə xarici sərmayə ilə birlikdə yerli sərmayələrin də artdığını nəzərə çatdırmışdır. Hər iki ölkənin beynəlxalq əhəmiyyət kəsb edən bütün məsələlərdə eyni və ya bənzər mövqedən çıxış etdiyini vurğulayan E.Muradov, Azərbaycanın hər vaxt beynəlxalq sülh şəraitində, hər iki tərəfin də maraqlarının təmsil olunduğu iqtisadi münasibətlərin tərəfdarı olduğunu ifadə etmişdir.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) nümayəndəsi Anar Quliyev çıxışında xarici sərmayədarların nəyə görə məhz Azərbaycanı seçməli olduğu barədə tədbir iştirakçılarını məlumatlandırmışdır. A.Quliyev bildirmişdir ki, Azərbaycan coğrafi baxımdan əlverişli bölgədə yerləşir, iqtisadiyyatı çoxşaxəlidir. Bütün bu amillər ölkəmizi xarici sərmayədarlar üçün əlverişli məkana çevirmişdir. Sahibkarlığın inkişafı ilə bağlı yeni Dövlət proqramının layihəsində sahibkarlara maliyyə dəstəyi, qanunvericiliyin təkmilləşdirilməsi, biznes mühitinin yaxşılaşdırılması ilə bağlı yeniliklərin öz əksini tapdığını bildirən A.Quliyev, həmin proqramın qəbuledilmə mərhələsində olduğunu diqqətə çatdırmışdır.
Alman-Azərbaycan İqtisadi Təşviq Cəmiyyətinin rəhbəri (DAWF) Florian Şröder ölkəmizdə iqtisadi sahədə əldə olunan nailiyyətlər, aparılan hüquqi islahatlarla yanaşı ölkəmizin milli-mədəni xüsusiyyətləri barədə də ətraflı məruzə etmişdir. O, Azərbaycan xalqının xüsusilə ticarət sahəsində böyük istedada malik olduğunu vurğulamışdır. Azərbaycan bazarında alman məhsullarına bəslənən rəğbətin alman şirkətləri üçün bir stimul ola biləcəyini bildirən F.Şröder, xüsusilə qida emalı, qablaşdırma, metal emalı, mebel sənayesi sahələrində əməkdaşlığa böyük ehtiyac olduğunu ifadə etmişdir.