ALMANİYANIN DÜNYADA TANINAN “BASF“ KİMYA ŞİRKƏTİ AZƏRBAYCAN BAZARINDA MÖVQEYİNİ MÖHKƏMLƏNDİRİR
Sumqayıt, 25 noyabr (AZƏRTAC). Sumqayıtdakı “BASF Kaspian Yapı Kimyasalları sanayi” zavodu istehsal və satış həcmini artırmaqdadır. 2006-cı ilin avqustunda yaradılmış Qafqazda və bütün Xəzər regionunda hələlik ilk və yeganə olan bu müəssisənin - dünya kimya sənayesinin lidei olan “BASF”ın cari ilin üçüncü rübündə əldə etdiyi nailiyyətlər bir çox analitiklərin proqnozlarını üstələmişdir. “BASF”ın baş direktoru Ümid Nejdət Başdaş AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir ki, konsernin göstəricilərinin yaxşılaşması bu müəssisənin dünya kimya sahəsinin lideri kimi mövqeyinin möhkəmlənməsinə sübutdur.
1865-ci ildə Lüdviqshafen (AFR) şəhərində yaradılmış “BASF” konserninin yüzdən çox müəssisəsi öz məhsulunu dünyanın 170 ölkəsinə göndərir. 60-dan çox işçinin və mütəxəssisin çalışdığı müəssisənin təkliflər portfeli kifayət qədər böyükdür. Müəssisədə 40-dan çox adda məhsul istehsal olunur. Bunların sırasında xüsusi kimya məhsullarını, müxtəlif plastik məmulatları, kənd təsərrüfatı üçün məhsulları misal gətirmək olar. Zavodda, həmçinin ən yeni texnologiya ilə keramika-inşaat məmulatları üçün sement, beton əlavələri və bir çox digər məhsullar istehsal edilir. İllik məhsul istehsalı həcmi 6 min tona çatır. Konsernin Baş direktorunun sözlərinə görə, əldə olunan göstəricilərin başlıca amili sifarişlərin vaxtında, lazımi səviyyədə və keyfiyyətlə yerinə yetirilməsidir.
Müasir avadanlıqla, habelə müvafiq kimyəvi reaktivlərlə və testlərlə təchiz edilmiş xüsusi laboratoriya hazırlanan məhsulun keyfiyyətinə nəzarət edir.
“BASF” konserninin təklif etdiyi yüksək keyfiyyətli və “ağıllı” sistemli tədqiqatlar iqlimin qorunması, enerjidən səmərəli istifadə edilməsi, ərzaq məhsulları istehsalı və çeviklik kimi qlobal vəzifələrin həllində mühüm rol oynayır. Xatırladaq ki, 2008-ci ildə kimya sənayesinin bu nəhəng müəssisəsinin məhsul satışının həcmi 62 milyard avrodan çox olmuşdur. “BASF” konserninin əməkdaşlarının sayı 97 min nəfərə çatır.