Azərbaycan “Kazan Beynəlxalq Elektroenergetika Forumu”nda iştiraka dəvət edilib
Bakı, 2 iyun, AZƏRTAC
Energetika naziri Pərviz Şahbazov Rusiya Federasiyası Tatarıstan Respublikasının Baş nazirinin müavini, sənaye və ticarət naziri Oleq Korobçenkonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan-Rusiya münasibətləri çərçivəsində Tatarıstanla iqtisadi, o cümlədən enerji əməkdaşlığından məmnunluq ifadə edilib. Görüşdə enerji sahəsində əməkdaşlığın inkişafı, yeni texnologiyaların tətbiqi və enerji avadanlıqlarının istehsalı üzrə Tatarıstan təcrübəsinə dair fikir mübadiləsi aparılıb.
Tatarıstanın elektrik enerji sisteminin cari vəziyyəti və planlaşdırlan layihələr barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, son illərdə sənaye və energetika sahəsində həyata keçirilən texnoloji modernizasiya çərçivəsində yeni texnologiyaların lokalizasiyası istiqamətində mühüm nəticələr əldə edilib.
Azərbaycan tərəfi gələn il keçiriləcək “Kazan Beynəlxalq Elektroenergetika Forumu”nda geniş tərkibdə iştiraka dəvət edilib. Qeyd olunub ki, Forum MDB ölkələri arasında enerji əməkdaşlığının genişləndirilməsi baxımından mühüm platforma rolunu oynayır. Forum çərçivəsində bir sıra texniki və praktiki məsələlər, o cümlədən enerji sistemlərinin modernləşdirilməsi və yüksəkgərginlikli enerji texnologiyaları üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilir.