Ekspert: Süni intellekt neft-qaz sektorunda təhlükəsizliyin artırılmasında mühüm rol oynayır
Bakı, 2 iyun, AZƏRTAC
Süni intellektin neft-qaz sektorunda tətbiqi enerji sənayesində məhsuldarlığın artırılması, xərclərin azaldılması, təhlükəsizliyin gücləndirilməsi və qərarvermə prosesinin təkmilləşdirilməsi baxımından mühüm üstünlüklər yaradır. Bu sənaye böyük həcmdə məlumatların toplandığı və emal edildiyi sahələrdən biridir. Müasir yataqlarda, boru kəmərlərində, emal zavodlarında və hasilat platformalarında minlərlə sensor fasiləsiz məlumat toplayır. Süni intellekt bu məlumatları real vaxt rejimində təhlil edərək daha dəqiq və operativ qərarların qəbul edilməsinə kömək edir. Neft və qaz yataqlarının kəşfiyyatı mərhələsində süni intellekt seysmik və geoloji məlumatları analiz edərək perspektivli sahələrin müəyyən edilməsini sürətləndirir. Ənənəvi üsullarla aylarla davam edən məlumat emalı prosesi daha qısa müddətdə həyata keçirilə bilir. Bu isə həm vaxt, həm də maliyyə resurslarına qənaət etməyə imkan verir.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev deyib.
O qeyd edib ki, süni intellektin ən vacib üstünlüklərindən biri proqnozlaşdırıcı texniki xidmətdir. Bu yanaşma istehsalın dayanmasının qarşısını alır və böyük maliyyə itkilərinin yaranmasına imkan vermir. Neft-qaz platformalarında və emal müəssisələrində təhlükəsizlik xüsusi əhəmiyyət daşıyır. Ağıllı sistem əsaslı monitorinq sistemləri qaz sızmalarını, yanğın risklərini və digər təhlükəli halları erkən mərhələdə aşkar edə bilir. Sistem avtomatik xəbərdarlıqlar göndərərək operativ tədbirlərin görülməsinə şərait yaradır. Bu isə həm işçilərin təhlükəsizliyini təmin edir, həm də ətraf mühitə dəyə biləcək zərərin qarşısını alır.
“Boru kəmərlərinə quraşdırılan sensorlar və müşahidə sistemləri vasitəsilə toplanan məlumatların operativ təhlili sızmaların, təzyiq dəyişikliklərinin və digər texniki nasazlıqların erkən mərhələdə aşkarlanmasına imkan verir ki, bu da həm maliyyə itkilərinin, həm də ətraf mühit üçün yarana biləcək risklərin minimuma endirilməsinə şərait yaradır. Eyni zamanda, emal zavodları və hasilat müəssisələrində enerji sərfiyyatının qiymətləndirilməsi istehsal proseslərində mövcud itki mənbələrinin müəyyənləşdirilməsinə, resurslardan daha səmərəli istifadəyə və xərclərin optimallaşdırılmasına xidmət edir. Sahədə geniş tətbiq olunan pilotsuz uçuş aparatları və avtonom robot sistemləri çətin keçilən və yüksək riskli ərazilərdə insan müdaxiləsinə ehtiyac olmadan yoxlamalar aparır, əldə edilən görüntülər isə intellektual alqoritmlər vasitəsilə emal olunaraq potensial problemləri vaxtında müəyyən edir. Bu texnologiyalar ekoloji təhlükəsizliyin qorunmasına da mühüm töhfə verir, çünki neft sızmaları, metan emissiyaları və digər təhlükə mənbələri operativ şəkildə aşkar edilir, nəticədə ətraf mühitə mənfi təsirin azaldılması və ekoloji standartlara daha səmərəli riayət olunması mümkün olur”, - deyə ekspert B.Əliyev bildirib.
“Rəqəmsal əkiz texnologiyaları vasitəsilə neft-qaz yataqlarının, platformalarının və zavodlarının virtual modelləri yaradılır. Süni intellekt bu modellər üzərində müxtəlif ssenariləri təhlil edir və mümkün riskləri əvvəlcədən qiymətləndirir. Nəticədə qərarvermə prosesi daha əsaslandırılmış və etibarlı olur. Ağıllı sistem neft-qaz sektorunda kəşfiyyatdan hasilata, nəqldən emala qədər bütün mərhələlərdə məhsuldarlığın artırılmasına, əməliyyat xərclərinin azaldılmasına, təhlükəsizliyin yüksəldilməsinə və ekoloji risklərin minimuma endirilməsinə mühüm töhfə verir. Gələcəkdə rəqəmsallaşmanın sürətlənməsi ilə bu texnologiyaların enerji sektorunda rolu daha da artacaq və sənayenin inkişafının əsas istiqamətlərindən birinə çevriləcək”,- deyə ekspert əlavə edib.
Müxbir - Mehrac Ağasiyev