Azərbaycan yaşıl enerji gündəliyinin həyata keçirilməsində lider mövqelərdədir ŞƏRH
Bakı, 2 iyun, AZƏRTAC
Prezident İlham Əliyevin “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimində səsləndirdiyi fikirlər Azərbaycanın keçdiyi inkişaf yolunun, əldə etdiyi nailiyyətlərin və qarşıda duran strateji hədəflərin dolğun mənzərəsini ortaya qoyub. Bu çıxış bir daha nümayiş etdirib ki, Azərbaycan bu gün qlobal enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan etibarlı tərəfdaş, təşəbbüskar dövlət və regional əməkdaşlığın aparıcı qüvvəsidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
O qeyd edib ki, müstəqilliyimizin ilk illərində mürəkkəb siyasi, iqtisadi və sosial problemlərlə üzləşən Azərbaycan xalqı uzaqgörən dövlətçilik siyasəti sayəsində qısa müddətdə böhrandan çıxaraq inkişaf yoluna qədəm qoyub. Bu gün ölkəmizin qazandığı uğurların əsasında Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilən inkişaf strategiyası və Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilən siyasi kurs dayanır. Enerji sahəsində əldə olunan nailiyyətlər də məhz bu siyasətin uğurlu nəticəsidir.
“Azərbaycanın enerji diplomatiyası bu gün dünyanın diqqət mərkəzindədir. “Bakı Enerji Həftəsi”nin beynəlxalq nüfuzunun ildən-ilə artması, tədbirə dünyanın aparıcı dövlətlərinin rəhbərləri tərəfindən xüsusi diqqət göstərilməsi ölkəmizin qlobal enerji bazarında tutduğu mövqenin göstəricisidir. Azərbaycanın təşəbbüsü və liderliyi ilə reallaşdırılan layihələr artıq uzun illərdir ki, Avrasiyanın enerji xəritəsini formalaşdırır və milyonlarla insanın enerji təminatında mühüm rol oynayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasətinin əsas üstünlüklərindən biri onun milli maraqlara söykənməsi, eyni zamanda, beynəlxalq əməkdaşlığa açıq olmasıdır. Azərbaycanın zəngin təbii sərvətləri ölkənin sosial-iqtisadi inkişafına, infrastrukturun yenilənməsinə, təhsil və səhiyyə sistemlərinin gücləndirilməsinə, insanların rifahının yüksəldilməsinə xidmət edib. Enerji gəlirlərinin səmərəli idarə olunması nəticəsində ölkəmiz regionun ən güclü iqtisadiyyatlarından birinə çevrilib”, - deyə deputat vurğulayıb.
Fatma Yıldırım Azərbaycanın yaşıl enerji gündəliyinin həyata keçirilməsində lider mövqelərdə olduğuna diqqət çəkərək deyib: “Qarabağın və Şərqi Zəngəzurun yaşıl enerji zonası elan edilməsi, Günəş, külək və hidroenerji layihələrinin sürətlə inkişaf etdirilməsi ölkəmizin enerji siyasətinin müasir çağırışlara uyğun qurulduğunu göstərir. Həyata keçirilən layihələr Azərbaycanın yaxın illərdə regionun əsas yaşıl enerji mərkəzlərindən birinə çevriləcəyini deməyə əsas verir. Hesab edirəm ki, “Bakı Enerji Həftəsi” çərçivəsində aparılan müzakirələr, imzalanan sənədlər və əldə olunan razılaşmalar Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsinə, enerji sahəsində yeni uğurların qazanılmasına və ölkəmizin strateji əhəmiyyətinin artmasına xidmət edəcək”.