Azərbaycan şirkətlərinin beynəlxalq kapital bazarlarına çıxış imkanları nəzərdən keçirilib
Bakı, 2 iyun, AZƏRTAC
İqtisadiyyat nazirinin müavini Azər Bayramov Böyük Britaniya Kralının Şərqi Avropa və Mərkəzi Asiya üzrə Ticarət Komissarı David Rid ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Azərbaycan ilə Böyük Britaniya arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Xüsusilə, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, işğaldan azad edilmiş ərazilərdə əməkdaşlıq imkanları, qeyri-neft sektorunda tərəfdaşlığın genişləndirilməsi və investisiya fəaliyyətinin təşviqi məsələləri müzakirə olunub.
Görüşdə, həmçinin Azərbaycan şirkətlərinin beynəlxalq kapital bazarlarına çıxış imkanları müzakirə edilib. Bu çərçivədə yerli şirkətlərin həm Bakı Fond Birjasında, həm də London Fond Birjasında təmsil olunması perspektivləri, kapital bazarlarının inkişafı və maliyyə əməkdaşlığının genişləndirilməsi məsələləri diqqət mərkəzində olub.