Lahıc və Qəbələ yollarında çökmələr: geodinamik proseslər monitorinq tələb edir
Bakı, 2 iyun, AZƏRTAC
Bu ilin aprel–may aylarında Azərbaycanda, xüsusilə dağlıq və dağətəyi rayonlarda intensiv yağıntılar, torpaq qatının həddindən artıq nəmlənməsi, çay vadilərində eroziya proseslərinin güclənməsi və geoloji dayanıqsızlıq səbəbindən bir sıra sürüşmə hadisələri qeydə alınıb.
Bu barədə AZƏRTAC-a açıqlamasında Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Geosiyasət və iqtisadi coğrafiya laboratoriyasının müdiri coğrafiya elmləri doktoru, dosent Nəriman Paşayev bildirib. Onun sözlərinə görə, ən ciddi sürüşmə hadisələri Böyük Qafqazın cənub yamacına daxil olan İsmayıllı, Şamaxı, Qəbələ, Qax və Zaqatala rayonlarında müşahidə edilib. Qəbələ rayonunun yüksək dağətəyi kəndlərində intensiv yağışlardan sonra torpaq qatının hərəkəti nəticəsində kəndlərarası yolların bir hissəsində çatlar və çökmələr yaranıb, bəzi yaşayış evlərinin həyət sahələrində isə deformasiyalar müşahidə olunub. Xüsusilə Vəndam, Bum, Tikanlı və Nic istiqamətlərində yamac eroziyası güclənib, kənd təsərrüfatı sahələrinin bir qismi yararsız vəziyyətə düşüb. Dağ yamaclarında aktivləşən sürüşmələr meyvə bağlarına, fındıq və qoz plantasiyalarına zərər vurub, suvarma sistemlərinin bəzi hissələri isə sıradan çıxıb.
“Şamaxı və İsmayıllı rayonlarında sürüşmə prosesləri əsasən yol infrastrukturuna təhlükə yaradıb. Bakı–Şamaxı–Yevlax magistral yolunun bəzi dağətəyi hissələrində torpaq kütlələrinin sürüşməsi səbəbindən nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb, bəzi yerlərdə yol kənarındakı istinad divarlarında deformasiyalar qeydə alınıb. İsmayıllının Lahıc istiqamətində dağ yamaclarından qopan torpaq və qaya parçaları kommunikasiya xətləri üçün təhlükə yaradıb. Bu ərazilərdə geodinamik proseslərin aktivliyi uzunmüddətli monitorinq ehtiyacını bir daha gündəmə gətirib”, – deyə alim bildirib.