Gələcəyin şəhərlərində əsas prioritetlərdən biri nəqliyyat əlçatanlığı olacaq - ŞƏRH
Bakı, 2 iyun, AZƏRTAC
2025-ci ilin yanvarından etibarən beynəlxalq qiymətləndirmə standartlarının yeni versiyasında ESG faktorları artıq qiymətləndirmənin əsas elementlərindən biri kimi nəzərə alınmağa başlanıb və standartın mühüm prinsiplərindən birinə çevrilib. ESG çərçivəsində ən vacib istiqamətlərdən biri ekoloji standartlardır və burada iqlim dəyişikliyi riskləri xüsusi əhəmiyyət daşıyır. Bu amillər artıq daşınmaz əmlakın dəyərinə birbaşa təsir edən faktorlar sırasındadır.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı AZƏRTAC-a açıqlamasında bildirib ki, sel və daşqın riskləri, quraqlıq, temperatur artımı, su qıtlığı, su mənbələrinə çıxışın məhdudlaşması, enerji səmərəliliyi, yaşıl enerji kimi məsələlər bu gün əmlak bazarında ciddi şəkildə nəzərə alınır.
“Bakı şəhəri üçün aktual məsələlərdən biri də sahilyanı mühafizə zolaqlarının dəyişməsi və Xəzər dənizinin səviyyəsinin tez-tez qalxıb-enməsi ilə bağlı risklərdir. Bütün bunlar həm daşınmaz əmlakın dəyərinə, həm də sığorta xərclərinə birbaşa təsir göstərir. Azərbaycanda da enerji dayanıqlığı, yaşıl enerjiyə keçid və daha ekoloji səmərəli həllərin tətbiqi istiqamətində mühüm addımlar atılır. Məsələn, Nazirlər Kabinetinin fərdi istilik sistemlərindən istifadənin məhdudlaşdırılması ilə bağlı qərarı bu istiqamətdə diqqət çəkən addımlardan biridir. Bu kimi məsələlər artıq qiymətləndirmə sahəsində qiymətə təsir edən amillər sırasında yer almağa başlayıb. Hazırda onların çəkisi tam böyük olmasa da, yaxın gələcəkdə əmlakın dəyərləndirilməsində olduqca ciddi rol oynayacağı gözlənilir. Gələcəyin şəhərlərində əsas prioritetlərdən biri nəqliyyat əlçatanlığı olacaq. İş yerlərinə yaxınlıq, ekoloji mühit, müasir infrastruktur, mərkəzləşdirilmiş və ekoloji baxımdan daha səmərəli istilik sistemləri, “Ağıllı şəhər” layihələri, yaşıl ərazilər və yaşıllıq zolaqları yaxın illərdə daha böyük əhəmiyyət qazanacaq. Bu gün tikinti şirkətləri də artıq bu istiqamətləri prioritet hesab edir və layihələrini həmin tələblərə uyğun qurmağa çalışırlar. Bütün bu amillər gələcəkdə həm daşınmaz əmlakın dəyərinə ciddi təsir göstərəcək, həm də insanların yaşayış yeri seçərkən diqqət yetirəcəyi əsas meyarlardan birinə çevriləcək”, - deyə Ramil Osmanlı qeyd edib.