Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun müasir tingçilik sahəsindəki təcrübəsi Özbəkistanda tətbiq olunur
Quba, 2 iyun, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun nümayəndə heyəti aqrar sektorda fəaliyyət göstərən tərəfdaş qurumlar arasında əməkdaşlığın möhkəmləndirilməsi, eləcə də müasir tingçilik sahəsində qabaqcıl təcrübələrin tətbiqi məqsədilə Özbəkistana səfər edib.
İnstitutdan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, nümayəndə heyəti Özbəkistanda institutun elmi təminatı əsasında yaradılan, ilkin mərhələdə illik 300 min ting istehsal gücünə malik meyvə tingliyində olub.
Gələcəkdə bu tingliyin istehsal gücünün 1 milyon tingə çatdırılması nəzərdə tutulub. İnstitut əməkdaşları müəssisənin mövcud vəziyyətini qiymətləndirərək, müvafiq məsləhət xidmətləri göstəriblər.
Səfər zamanı tinglikdə aparılan işlər, istehsal prosesinin təşkili, yetişdirilən tinglərin fitosanitar vəziyyəti və aqrotexniki tədbirlərin icrası yerində araşdırılıb, müəssisə əməkdaşlarına elmi-praktiki tövsiyələr verilib. Həmçinin tərəflər arasında əməkdaşlığın gələcək inkişaf perspektivləri və birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu, “Azərting” MMC, “Quba Ting” MMC və Özbəkistan Respublikasının “Langar” MMC şirkəti arasında qurulmuş əməkdaşlıq çərçivəsində cari ildə Namanqan vilayətinin Turakurgan rayonunda müasir meyvə tingliyi yaradılıb. Layihə çərçivəsində yüksək məhsuldarlığa və keyfiyyət göstəricilərinə malik sertifikatlı əkin materialının istehsalı nəzərdə tutulur.
Müxbir - Elxan Yusifli