Azərbaycan Avrasiyanın enerji geosiyasətində mühüm aktorlardan biridir ŞƏRH
Bakı, 2 iyun, AZƏRTAC
Azərbaycan müstəqilliyini bərpa etdiyi gündən etibarən enerji resurslarını yalnız iqtisadi inkişaf vasitəsi kimi deyil, həm də xarici siyasət və milli təhlükəsizlik strategiyasının əsas elementlərindən biri kimi dəyərləndirib. Xüsusilə Xəzər hövzəsindəki neft və təbii qaz ehtiyatlarının beynəlxalq bazarlara çıxarılması istiqamətində həyata keçirilən çoxşaxəli siyasət ölkəni Avrasiya enerji geosiyasətinin mühüm aktorlarından birinə çevirib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında beynəlxalq münasibətlər üzrə mütəxəssis, politoloq İsmail Cingöz deyib.
Onun sözlərinə görə, bu kontekstdə Azərbaycanın ən vacib strateji tərəfdaşlarından biri Türkiyədir. İki ölkə arasındakı “Bir millət, iki dövlət” prinsipi enerji sahəsində də konkret layihələrlə möhkəmləndirilib. Xüsusilə Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri və Trans-Anadolu təbii qaz boru kəməri (TANAP) kimi layihələr təkcə enerji daşımaları baxımından deyil, həm də regional sabitlik və iqtisadi inteqrasiya nöqteyi-nəzərindən strateji əhəmiyyət daşıyır.
“Azərbaycanın enerji siyasəti yalnız Türkiyə ilə əməkdaşlıqla məhdudlaşmır. Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə başda İtaliya, Yunanıstan və Bolqarıstan olmaqla bir sıra Avropa ölkələrinə təbii qaz ixrac edir. Son illərdə Avropanın enerji mənbələrini şaxələndirmək istiqamətində atdığı addımlar Azərbaycanın strateji əhəmiyyətini daha da artırıb”, - deyə İ.Cingöz vurğulayıb.
Politoloq bildirib ki, bununla yanaşı, Bakı enerji sektorunda yalnız karbohidrogen ehtiyatlarına əsaslanan siyasət yürütmür, eyni zamanda, bərpaolunan enerji sahəsində də mühüm addımlar atır. Xüsusilə Qarabağın və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” elan edilməsi, Günəş və külək enerjisi layihələrinin təşviqi, həmçinin beynəlxalq şirkətlərlə bağlanan müqavilələr Azərbaycanın enerji keçidinə verdiyi önəmi nümayiş etdirir.
“Gələcək dövrdə Azərbaycanın enerji strategiyasının üç əsas istiqamət üzrə formalaşacağı gözlənilir. Birincisi, mövcud neft və təbii qaz ixracının dayanıqlı şəkildə davam etdirilməsi, ikincisi, Türkiyə üzərindən Avropaya uzanan enerji dəhlizlərinin ötürücülük qabiliyyətinin artırılması, üçüncüsü isə bərpaolunan enerji yatırımları vasitəsilə enerji sektorunun daha da şaxələndirilməsidir.
Bu prosesdə Türkiyə ilə Azərbaycan arasındakı enerji əməkdaşlığı yalnız iki ölkənin iqtisadi maraqlarına xidmət etməyəcək, eyni zamanda, türk dövlətləri arasında enerji inteqrasiyasının güclənməsinə və Orta Dəhlizin geoiqtisadi əhəmiyyətinin artmasına da töhfə verəcək. Müasir dövrdə enerji yalnız iqtisadi amil deyil, həm də diplomatik təsir, regional sabitlik və strateji gücün nümayiş etdirilməsi üçün mühüm vasitələrdən birinə çevrilib. Azərbaycan da malik olduğu resurslar və həyata keçirdiyi balanslaşdırılmış enerji siyasəti sayəsində bu sahədə regional lider aktorlardan biri kimi mövqeyini qoruyub saxlayır”, - deyə İ.Cingöz əlavə edib.