Azərbaycanın artan beynəlxalq rolu: enerji ixracatçısından orta güc dövlətinə doğru ŞƏRH
Bakı, 2 iyun, AZƏRTAC
“Bakı Enerji Həftəsi” artıq yalnız enerji sektoruna həsr olunan tədbir olmaq çərçivəsindən çıxıb. Bu platforma həm də Azərbaycanın beynəlxalq sistemdə tutduğu yerin, xarici siyasət prioritetlərinin və geoiqtisadi imkanlarının nümayiş olunduğu mühüm beynəlxalq dialoq məkanına çevrilib. Bu baxımdan, Prezident İlham Əliyevin forumun açılış mərasimində səsləndirdiyi fikirlər təkcə enerji sektorunun perspektivlərini deyil, eyni zamanda, Azərbaycanın son otuz ildə keçdiyi inkişaf yolunu və beynəlxalq mövqeyində baş verən keyfiyyət dəyişikliklərini əks etdirir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Səbinə Qaraşova səsləndirib.
“Azərbaycanın əldə etdiyi nailiyyətlər mürəkkəb regional təhlükəsizlik mühitində formalaşıb. Dövlət suverenliyinin tam bərpa olunması Azərbaycanın regional və beynəlxalq proseslərdə iştirakına yeni məzmun və imkanlar qazandırıb. Müasir mərhələdə ölkənin beynəlxalq əhəmiyyəti artıq yalnız malik olduğu enerji ehtiyatları ilə müəyyən edilmir. Bu gün ölkənin strateji rolu müxtəlif regionları birləşdirən nəqliyyat və enerji bağlantılarının yaradılması, etibarlı tərəfdaşlıq mexanizmlərinin formalaşdırılması və geoiqtisadi əməkdaşlığın inkişaf etdirilməsi ilə ölçülür. Azərbaycan Avropa ilə Asiya arasında mühüm tranzit məkanına çevrilərək Orta Dəhlizin inkişafında, Şərq-Qərb nəqliyyat marşrutunun genişləndirilməsində və regional əlaqəliliyin gücləndirilməsində aparıcı iştirakçılardan biri kimi çıxış edir. Bu baxımdan enerji ilə nəqliyyat diplomatiyası artıq bir-birini tamamlayan istiqamətlərə çevrilib. Prezident İlham Əliyevin çıxışında qeyd olunan yeni enerji bağlantıları, elektrik ötürücü xətləri və regional əməkdaşlıq layihələri Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı rolun daha da genişləndiyini göstərir. Azərbaycan indi yalnız enerji resurslarını ixrac edən ölkə deyil, eyni zamanda, enerji axınlarının, logistika marşrutlarının və iqtisadi əməkdaşlıq platformalarının formalaşmasında iştirak edən aktordur ”, - deyə S.Qaraşova diqqətə çatdırıb.
Onun sözlərinə görə, Azərbaycanın strateji kursu yalnız neft və qaz ehtiyatlarının hasilatı və ixracına söykənmir. Ölkə alternativ mənbələrin inkişafını prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib. Qarabağ və Şərqi Zəngəzurda, eləcə də Naxçıvanda həyata keçirilən “yaşıl zona” konsepsiyası, bu ərazilərin müasir texnologiyalar əsasında inkişaf etdirilməsi və beynəlxalq investorların artan marağı uzunmüddətli baxışın tərkib hissəsidir. Həyata keçirilən təşəbbüslər ölkənin qlobal transformasiya proseslərində fəal iştirakını təmin etməklə yanaşı, regional liderlik mövqeyini daha da möhkəmləndirir.
S.Qaraşova qeyd edib ki, paytaxtda təşkil olunan “Bakı Enerji Həftəsi”nin nüfuzunun ildən-ilə artması ölkəmizin enerji təhlükəsizliyi, regional tərəfdaşlıq və nəqliyyat dəhlizləri sahəsində strateji əhəmiyyətinin beynəlxalq ictimaiyyət tərəfindən yüksək dəyərləndirildiyini nümayiş etdirir. Qlobal münasibətlər sistemində enerji resursları, logistika xətləri və iqtisadi bağlılıq məsələləri təhlükəsizlik və dayanıqlılıq amilləri ilə sıx əlaqələndiyindən, bu sahələrdə əldə olunan uğurlar dövlətin həm qlobal, həm də region miqyasında təsir imkanlarını genişləndirir. Belə bir mənzərə ölkənin siyasi və iqtisadi nüfuzunun yeni mərhələyə yüksəldiyini təsdiqləyir. Beynəlxalq münasibətlər nəzəriyyəsində “orta güc dövlətləri” böyük güclər qrupuna daxil olmasalar da, dialoqu təşviq edən, əməkdaşlıq imkanlarını artıran və müxtəlif proseslərə təsir göstərə bilən aktorlar kimi səciyyələndirilirlər. Son illərdə enerji diplomatiyası, nəqliyyat-kommunikasiya layihələri, sərmayə təşviqi və xarici siyasət sahələrində reallaşdırılan ardıcıl addımlar da bu statusa xas xüsusiyyətlərin möhkəmləndiyini ortaya qoyur.
“Bu baxımdan, “Bakı Enerji Həftəsi” yalnız enerji sektorunun gələcək inkişaf istiqamətlərinin müzakirə edildiyi platforma deyil, eyni zamanda, ölkənin inkişaf modelinin, yüksələn nüfuzunun və artan geosiyasi çəkisinin nümayiş olunduğu əhəmiyyətli bir tədbirdir. Hazırda Azərbaycan enerji təchizatçısı olmaqla yanaşı, mühüm tranzit qovşağı, etibarlı tərəfdaş, beynəlxalq müzakirələr üçün əlverişli məkan və bölgədə inteqrasiya proseslərinin təşviqçisi kimi çıxış edir. Bütün bunlar onun müasir dünya nizamında orta güc dövləti kimi mövqeyinin getdikcə daha da möhkəmləndiyini göstərir”, - deyə S.Qaraşova əlavə edib.
Müxbir - Mehrac Ağasiyev