GECF: Geosiyasi böhranlar enerji bazarlarında uzunmüddətli dəyişikliklər yaradır
Bakı, 2 iyun, AZƏRTAC
Geosiyasi böhranların təsiri artıq təkcə enerji sektorunu deyil, bütövlükdə qlobal iqtisadiyyatı əhatə edir və bu proses enerji strategiyalarının yenidən nəzərdən keçirilməsini zəruri edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) Baş katibi Filip Mşelbila Bakı Enerji Forumunda “Qaz sessiyası — bazarlar, nəqliyyat marşrutları və geopolitika” adlı sessiyada çıxışı zamanı deyib.
O bildirib ki, əvvəllər onilliklər ərzində bir dəfə baş verən geosiyasi sarsıntılar indi tez-tez müşahidə olunur və bu vəziyyət enerji infrastrukturuna yanaşmanın dəyişdirilməsini tələb edir.
“Enerji sistemlərində yaranan böhranlar istehsalın və enerji axınlarının pozulmasına səbəb olur. Bu cür hadisələrin təsiri yalnız enerji bazarları ilə məhdudlaşmır, həm də sənaye, kənd təsərrüfatı və digər iqtisadi sahələrə yayılır. Geosiyasi şokların nəticələri onların xarakterindən, iqtisadi sistemə yayılma səviyyəsindən və davametmə müddətindən asılıdır”,- deyə o bildirib.
Onun sözlərinə görə, böhranlar uzandıqca hökumətlər, biznes qurumları və bazar iştirakçıları daha strukturlaşdırılmış tədbirlər həyata keçirir ki, bu da uzunmüddətli dəyişikliklərə gətirib çıxarır: “Bu şəraitdə enerji mənbələrinin və marşrutlarının şaxələndirilməsi ölkələrin əsas strateji cavablarından birinə çevrilir”.