Koreyalı məktəblilər “Azərbaycan günü”ndə
Pekin, 2 iyun, AZƏRTAC
Cənubi Koreyanın İnçon şəhərindəki Bekhakço məktəbində “Azərbaycan günü” tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Cənubi Koreyanın İnha Universitetinin multikulturalizm fakültəsi, İnçon şəhər təhsil idarəsi və Azərbaycan səfirliyinin birgə əməkdaşlığı çərçivəsində təşkil olunub.
“Azərbaycan günü”nə qatılan şagirdlərə Vətənimiz haqqında ətraflı məlumat verilib, xalqımızın zəngin mədəniyyətini əks etdirən milli musiqi və rəqs nümunələri nümayiş olunub. Bununla yanaşı, iştirakçıların fəallığını artırmaq üçün müxtəlif interaktiv, maarifləndirici və əyləncəli proqramlar təşkil edilib. Sonda iştirakçılara komitənin loqosu əks olunmuş ekoçantalar və müxtəlif suvenirlər verilib.
İnha Universitetinin multikulturalizm fakültəsinin professoru O Yonq Sob və fəlsəfə doktoru Leyla Məsimlinin təşkilatçıları olduqları tədbirin əsas məqsədi Azərbaycan mədəniyyətinin Koreyada daha geniş auditoriyaya tanıdılmasına, Azərbaycan–Koreya dostluq əlaqələrinin möhkəmləndirilməsinə, eləcə də diaspor fəaliyyətinin inkişafına töhfə vermək olub.