“Eni” rəsmisi: Enerji bazarındakı dəyişikliklər şirkətlərdən yeni yanaşmalar tələb edir
Bakı, 2 iyun, AZƏRTAC
Qlobal enerji bazarında qeyri-müəyyənliklərin artdığı şəraitdə çeviklik, coğrafi şaxələndirmə və innovativ texnologiyaların tətbiqi enerji şirkətləri üçün əsas üstünlüklərə çevrilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri İtaliyanın enerji şirkəti “Eni”nin kəşfiyyat və hasilat üzrə direktoru Luka Vinati Bakı Enerji Forumu çərçivəsində keçirilən “Qaz sessiyası — bazarlar, nəqliyyat marşrutları və geopolitika” adlı sessiyada çıxışı zamanı deyib.
O bildirib ki, şirkət təchizat zəncirində yarana biləcək risklərin qarşısını almaq üçün problemləri sonradan həll etməkdən daha çox, onların təsirini əvvəlcədən azaltmağa çalışır.
“Bizim üçün əsas məsələ çevik qalmaqdır. Bu məqsədlə coğrafi şaxələndirməyə xüsusi önəm veririk və müxtəlif regionlarda fəaliyyətimizi genişləndiririk. Eyni zamanda, üzən mayeləşdirilmiş təbii qaz (FLNG) layihələri kimi çevik texnoloji həllər enerji layihələrinin daha səmərəli reallaşdırılmasına imkan yaradır”, – deyə o qeyd edib.
Luka Vinati vurğulayıb ki, milli enerji şirkətləri ilə əməkdaşlıq layihələrin həyata keçirilməsini asanlaşdırır və ölkələrin enerji sahəsində əldə etdiyi faydanın artırılmasına xidmət edir: “Enerji sektorunda uğurun əsas şərtlərindən biri texnologiya, coğrafiya və məhsul baxımından çevikliyi qoruyub saxlamaqdır”.