Şəkidə taxıl biçininə 131 kombayn cəlb ediləcək
Şəki, 2 iyun, AZƏRTAC
Respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkidə cari mövsümdə 59 min 842,2 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Taxıl əkinlərinin 18 min 669 hektarını buğda, 41 min 173,2 hektarını dən üçün arpa sahələri təşkil edir. Hazırda təsərrüfatlarda taxıl biçininə hazırlıq işləri yekunlaşmaq üzrədir. Biçin kampaniyasına hazırlıqla əlaqədar Şəki Dövlət Aqrar İnkişaf Mərkəzində xüsusi qərargah yaradılıb, tədbirlər planı təsdiq olunub.
Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Ağalar Mustafayev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Şəki taxılçıları məhsul yığımına ciddi hazırlaşıblar. Taxıl anbarları, xırmanlar təmir və dezinfeksiya olunub, kombayn və digər texnikalar saz vəziyyətə gətirilib. Ümumilikdə, biçin kampaniyasına 131 taxılbiçən kombayn cəlb ediləcək. Kampaniya dövründə ehtiyac yaranarsa, biçini başa çatdırmış rayonlardan əlavə kombaynların dislokasiya olunması da nəzərdə tutulur. Biçin kampaniyasına, eyni zamanda, 104 ədəd küləşpresləyən aqreqat, 430 ədəd şum traktoru, 100-dək yük maşını, 285 ədəd traktor yedəyi, həmçinin yanğınsöndürən və su maşınları cəlb olunacaq.
Qurum rəsmisinin sözlərinə görə, təsərrüfatlarda taxıl biçininə iyunun 10-dan sonra başlanılması nəzərdə tutulur.
Müxbir – Mustafa Dadaşov