Akademik: Uşaqların istedadlarının üzərinə təhsildən və kitabdan gələn zənginlik əlavə olunmalıdır
Bakı, 2 iyun, AZƏRTAC
Bu gün “Sülh rəmzi uşaqlar” tədbirində iştirak edən uşaqlar müstəqillik dövrünün övladlarıdır. Təsadüfi deyil ki, tədbir Azərbaycan müstəqilliyi tarixində xüsusi yeri olan bu binada keçirilir. 1918-ci ilin sentyabrında burada Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Kabineti fəaliyyət göstərib.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov deyib. O diqqətə çatdırıb ki, bir əsrdən əvvəl qurulan arzuların - azad və xoşbəxt gələcəyin bu gün uşaqların ifasında öz əksini tapması tarixin məntiqi davamıdır.
Direktorun sözlərinə görə, uşaqları sevmək və qorumaq yalnız sözlə deyil, əməli fəaliyyətlə göstərilməlidir. Onların təbii istedadlarının üzərinə bilikdən, təhsildən və kitabdan gələn zənginlik əlavə olunmalı, bacarıqları inkişaf etdirilməlidir ki, sabah Azərbaycanın layiqli vətəndaşları kimi yetişsinlər.
R.Hüseynov qeyd edib ki, artıq 90 ilə yaxındır Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi fəaliyyət göstərir və bu müddət ərzində muzeyin əsas diqqət mərkəzində məktəblilər, tələbələr və gənclər olub. Bu, təsadüfi deyil. Çünki hər bir xalqın gələcəyi uşaqlara və gənclərə bağlıdır. Uşaqların inkişafı, dünyagörüşünün genişlənməsi və mənən zənginləşməsi hər birimizin borcudur.
Fotoqraf – İlqar Cəfərov