Azərbaycan və ABŞ arasında iqtisadi tərəfdaşlığın strateji inkişaf prioritetləri nəzərdən keçirilib
Bakı, 2 iyun, AZƏRTAC
Bakı Enerji Həftəsi çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ Dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Keyleb Orr ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan və ABŞ arasında iqtisadi tərəfdaşlığın strateji inkişaf prioritetləri, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, enerji, sənaye, süni intellekt, rəqəmsallaşma, kritik minerallar, mədənçilik və digər istiqamətlər üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Görüş zamanı regional bağlantıların gücləndirilməsinin iqtisadi aktivliyin artırılması baxımından mühüm rolu qeyd edilib. Azərbaycanın Avropa, Mərkəzi Asiya, Cənubi Qafqaz və Yaxın Şərq regionlarını birləşdirən etibarlı platforma kimi mövqeyinin möhkəmləndirilməsi istiqamətində əməkdaşlıq potensialı diqqətə çatdırılıb.
Tərəflər iqtisadi əməkdaşlığın şaxələndirilməsinin, innovativ texnologiyaların tətbiqinin və özəl sektor arasında əlaqələrin gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar. Eyni zamanda, qarşılıqlı maraq doğuran sahələrdə birgə fəaliyyətin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.