Azərbaycanın kibersuverenliyi: elmi tədqiqatlar və hədəflər
Bakı, 2 iyun, AZƏRTAC
Azərbaycanın rəqəmsal transformasiyasının sürətlənməsi kibertəhlükəsizlik məsələlərini dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirib. Bu siyasətin həyata keçirilməsində elmi-tədqiqat müəssisələrinin rolu xüsusi əhəmiyyət daşıyır.
Bunu AZƏRTAC-a açıqlamasında Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyev bildirib. Onun sözlərinə görə, ölkədə kibertəhlükəsizlik sahəsində elmi tədqiqatların əsası 1995-ci ildə qoyulub və bu istiqamətdə fundamental və tətbiqi araşdırmalar davam etdirilir. Hazırda institutda informasiya təhlükəsizliyi, kibersuverenlik, kiberdayanıqlılıq, rəqəmsal kriminalistika, eləcə də süni intellekt və adaptiv sistemlərə əsaslanan müdafiə texnologiyaları üzrə tədqiqatlar aparılır.
Alim bildirib ki, son illərdə süni immun sistemləri və süni intellekt əsasında formalaşdırılan yeni yanaşmalar kibertəhlükələrə qarşı daha çevik və effektiv müdafiə mexanizmlərinin yaradılmasına imkan verir. İnstitutda, həmçinin kompüter şəbəkələrinin intellektual monitorinqi, bulud sistemlərinin təhlükəsizliyi, kiberfiziki sistemlərin dayanıqlılığı və kiberinsidentlərin analizi istiqamətlərində araşdırmalar həyata keçirilir.
R.Şıxəliyev qeyd edib ki, kibertəhlükəsizlik sahəsində əldə olunan nəticələrin davamlılığı üçün yüksəkixtisaslı kadr hazırlığı xüsusi əhəmiyyət daşıyır. Bu günədək institutda 4 elmlər doktoru və 19 fəlsəfə doktoru hazırlanıb. Alimin sözlərinə görə, qarşıdakı dövrdə qabaqcıl kriptoqrafiya üsullarının tətbiqi, kvant kriptoqrafiyası üzrə araşdırmaların genişləndirilməsi, süni intellektə əsaslanan proaktiv müdafiə sistemlərinin yaradılması və dövlət-özəl sektor əməkdaşlığının gücləndirilməsi prioritetlər olacaq.
“Yalnız bu yolla Azərbaycan qlobal rəqəmsal məkanda kibersuverenliyini daha etibarlı şəkildə təmin edə və dayanıqlı rəqəmsal gələcək qura bilər”, – deyə Ramiz Şıxəliyev vurğulayıb.