Sülh rəmzi uşaqlar Ədəbiyyat Muzeyində
Bakı, 2 iyun, AZƏRTAC
İyunun 2-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş ədəbi-musiqili tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, muzeyin Gənc Alimlər və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə baş tutan tədbirdə Bakı məktəbliləri ilə yanaşı, ölkəmizdə təhsil alan əcnəbi şagirdlər, o cümlədən Respublika xüsusi internat məktəbinin fiziki imkanları məhdud uşaqları da iştirak ediblər.
“Sülh rəmzi uşaqlar” adlı tədbiri muzeyin direktoru akademik Rafael Hüseynov giriş sözü ilə açıb. Bildirib ki, tədbirin məhz iyunun 2-də keçirilməsi rəmzi xarakter daşıyır. Belə ki, uşaqların bayramı təkcə bir günə sığa bilməz. Dünyanın hər yerində, ilin 365 günü uşaqlara aiddir. Direktorun sözlərinə görə, dünya uşaqlarla bəzənir. Çünki onlar sülh rəmzidirlər. Uşaqların varlığında həyatın rəmzi var. Onları qorumaq, istedadlarını inkişaf etdirmək hamının borcudur.
Daha sonra tədbirin aparıcısı, muzeyin Gənc Alimlər Şurasının sədri Nuran Bağırova gənc istedadları səhnəyə dəvət edib.
Ədəbi-musiqili tədbirdə şagirdlər tərəfindən müxtəlif musiqi alətlərində ifalar, Azərbaycan, rus, Ukrayna, italyan, Çin, urdu, türk dillərində dünya ədəbiyyatından seçmələr, rəsm əsərlərinin sərgisi və digər yaradıcılıq nömrələri təqdim olunub.
Tədbirdə əsasən “dünyaya sülh, barış” çağırışlı şeir nümunələri səsləndirilib, vətənpərvərlik mövzusunda mahnılar ifa olunub.
Sonda “Sülh rəmzi uşaqlar”ın incəsənət üzrə gənc istedadları kimi Tofiq Quliyev adına 12 nömrəli məktəbin, Avropa Azərbaycan Məktəbinin, Bakı Türk İlkokulunun, 3 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin, 3 saylı Respublika xüsusi internat məktəbinin şagirdləri fərqlənərək muzey rəhbərliyi tərəfindən fəxri fərmanlarla təltif olunublar.
Fotoqraf – İlqar Cəfərov