Qazaxıstan dünyada qalan yeganə vəhşi at növünün populyasiyasını bərpa edir
Astana, 2 iyun, AZƏRTAC
Dünyada qalan yeganə vəhşi at növünün populyasiyasını bərpa etmək üçün beynəlxalq layihə çərçivəsində bir qrup Prjevalski atları Qazaxıstana gətirilib.
AZƏRTAC bu ölkənin Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadla xəbər verir ki, heyvanlar Çexiyadan xüsusi reyslə Kustanay Beynəlxalq Hava Limanına aparılıb. Daha sonra onlar ixtisaslaşmış nəqliyyat vasitəsilə Kustanay vilayətinin Amangeldi rayonundakı Altın Dala Dövlət Təbiət Qoruğuna aparılacaq. Reintroduksiya mərkəzində heyvanlar mütəxəssislərin nəzarəti altında uyğunlaşma dövründən keçəcək və bundan sonra vəhşi təbiətə buraxılmağa hazırlıq görüləcək.
Tarixən, Prjevalski atı Qazaxıstanda məskunlaşıb və qazax çöllərinin təbii irsinin bir hissəsidir. Lakin XX əsrin ortalarında bu növ vəhşi təbiətdən yoxa çıxıb. Onun bərpası beynəlxalq qoruma və yenidən introduksiya proqramları sayəsində mümkün olub.
Layihə Qazaxıstan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Praqa Zooparkı, “Tierpark Berlin”, Qazaxıstan Biomüxtəlifliyinin Qorunması Assosiasiyası, Frankfurt Zooloji Cəmiyyəti və digər beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Qazaxıstan ilə Praqa Zooparkı arasında əməkdaşlıq memorandumuna əsasən, 2029-cu ilə qədər 40 Prjevalski atının introduksiyası planlaşdırılır. İlk iki heyvan qrupu artıq 2024 və 2025-ci illərdə Altın Dala Təbiət Qoruğuna təhvil verilib və bu ilin may ayında əvvəllər introduksiya edilmiş bəzi fərdlər ilk dəfə vəhşi təbiətə buraxılıb.
Layihənin əsas məqsədi Mərkəzi Qazaxıstan çöllərində Prjevalski atlarının davamlı populyasiyasını yaratmaq və çöl ekosistemlərini bərpa etməkdir.