Ekspert: Azərbaycan Avropanın etibarlı yaşıl enerji tərəfdaşına çevrilir - ŞƏRH
Bakı, 2 iyun, AZƏRTAC
Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədə iqtisadi, siyasi, hərbi və sosial vəziyyət olduqca gərgin idi. Azərbaycan ciddi təlatümlərlə üzləşmişdi. Həmin dövrdə həyata keçirilən “Əsrin müqaviləsi” layihəsi ölkənin bu gününü müəyyənləşdirdi, bugünkü Azərbaycanı formalaşdırdı.
Bu sözləri AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib. O qeyd edib ki, həmin dövrdə Azərbaycanın ərazilərinin təxminən 20 faizi işğal altında idi, yoxsulluq səviyyəsi 50 faiz ətrafında dəyişirdi və əhalinin təxminən 1 milyona yaxını məcburi köçkün vəziyyətində yaşayırdı. “Enerji strategiyası nəticəsində ölkədə yoxsulluq səviyyəsi hazırda təxminən 5 faiz ətrafındadır. Neft-qaz resurslarının səmərəli şəkildə reallaşdırılması Azərbaycanın müasir yolları, hava limanları və logistika mərkəzləri olan regional ölkəyə çevrilməsinə imkan verib. Təhsil sistemi modernləşdirilir, sosial proqramlara hər il ciddi vəsait ayrılır, ölkənin müdafiə qabiliyyəti gücləndirilir”, – deyə ekspert bildirib.
X.Kərimli qeyd edib ki, həyata keçirilən enerji siyasəti ölkənin maliyyə dayanıqlığının formalaşmasında da mühüm rol oynayıb: “Azərbaycan ciddi dövlət ehtiyatları formalaşdırıb. Hazırda dövlət borcunun ümumi daxili məhsula nisbəti olduqca aşağıdır və bu göstəriciyə görə ölkə dünyanın qabaqcıl dövlətləri sırasındadır. Azərbaycanın valyuta ehtiyatları ÜDM-in 114 faizi səviyyəsindədir ki, bu da çox yaxşı göstəricidir”.
Ekspertin sözlərinə görə, Azərbaycan enerji resurslarından əldə etdiyi gəlirləri düzgün idarə etməklə həm maliyyə sabitliyini təmin edib, həm də enerji ixracatçısına çevrilib. “Ölkə artıq elektrik enerjisi və qaz ixrac edən dövlət kimi tanınır. Hazırda əsas strategiya yalnız ənənəvi neft-qaz resurslarının ixracı deyil, həm də alternativ enerji mənbələri hesabına istehsal olunan elektrik enerjisinin Avropa bazarlarına çıxarılmasıdır”.
Azərbaycanın qlobal enerji təhlükəsizliyində oynadığı rola toxunan ekspert qeyd edib ki, ölkə xüsusilə Avropanın enerji təminatında etibarlı tərəfdaş kimi çıxış edir: “Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın 10-dan çox ölkəsinə sabit qaz təchizatı həyata keçirilir. Rusiya-Ukrayna müharibəsindən sonra Avropanın enerji təhlükəsizliyi ciddi təhdidlərlə üzləşdi. Azərbaycanın bu bazardakı payı böyük olmasa da, etibarlı və dayanıqlı tərəfdaş kimi mühüm rol oynayır.
X.Kərimli bildirib ki, Azərbaycan gələcəkdə qaz ixracını artırmağa hazırdır və eyni zamanda, Mərkəzi Asiyanın enerji resurslarının dünya bazarlarına çıxarılması üçün mühüm tranzit platforma rolunu oynayır.
“Dünyanın ən zəngin enerji resurslarına malik Mərkəzi Asiya ölkələrinin ehtiyatlarının Rusiya və İrandan yan keçərək Azərbaycan üzərindən Avropaya çatdırılması Avropanın enerji təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycan bu istiqamətdə həm fəal rol oynamağı hədəfləyir, həm də öz infrastrukturunu dost və qonşu ölkələrin istifadəsinə təqdim edir”, – deyə ekspert qeyd edib.
Yaşıl enerji sahəsində perspektivlərdən danışan iqtisadçı əlavə edib ki, Azərbaycanın planı yaxın illərdə 10 giqavatadək bərpaolunan enerji gücü yaratmaq və bu enerjinin bir hissəsini Avropaya ixrac etməkdir: bp, “Masdar” və “ACWA Power” kimi beynəlxalq şirkətlərlə milyardlarla kilovat-saat enerji istehsalını nəzərdə tutan müqavilələr bağlanıb, bir sıra layihələr artıq istismara verilib. Azərbaycanın enerji strategiyasının əsas istiqamətlərindən biri 2030-cu ilədək elektrik enerjisi istehsalında bərpaolunan mənbələrin payını əhəmiyyətli dərəcədə artırmaqdır. Bu, həm ölkənin enerji təhlükəsizliyini möhkəmləndirəcək, həm də Azərbaycanın Avropaya təkcə neft və qaz deyil, yaşıl enerji ixrac edən ölkəyə çevrilməsinə imkan verəcək”.
Müxbir - Pərvanə Qafarova