Zəngilan və Cəbrayıl rayonlarında sakinlərə bostan-tərəvəz şitili paylanılıb
Cəbrayıl, 2 iyun, AZƏRTAC
Cəbrayıl rayonu ərazisində sakinlərin həyatyanı sahələrdə bostan və tərəvəz bitkilərinin əkininə dəstək göstərilməsi, kənd təsərrüfatı fəaliyyətinin genişləndirilməsi və ailə təsərrüfatlarının inkişafının təşviqi məqsədilə genişmiqyaslı şitil paylanılması həyata keçirilib.
AZƏRTAC-ın bölgə müxbirinə Cəbrayıl, Qubadlı və Zəngilan Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən verilən məlumata görə, dövlət və qeyri-dövlət qurumları tərəfindən ianə olaraq təqdim edilmiş bostan-tərəvəz şitilləri Cəbrayıl rayonunun Horovlu, Şükürbəyli, Cocuq Mərcanlı kəndləri və Cəbrayıl şəhəri sakinləri, həmçinin Zəngilan rayonu üzrə Ağalı və Məmmədbəyli kənd sakinləri arasında bölüşdürülərək paylanılıb.
Bu təşəbbüs nəticəsində kəndlərdə həyatyanı sahələrdə bostan və tərəvəz bitkilərinin əkininin genişlənəcəyi gözlənilir.
Müxbir - Aydın Yavərzadə