Kaleb Orr: ABŞ-Azərbaycan iqtisadi əməkdaşlığı görünməmiş səviyyəyə yüksələ bilər
Bakı, 2 iyun, AZƏRTAC
Amerika Birləşmiş Ştatları (ABŞ) və Azərbaycan arasında iqtisadi əməkdaşlığın yaxın illərdə görünməmiş səviyyəyə çatacağı gözlənilir.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orr 1-ci Azərbaycan-ABŞ iqtisadi dialoquna həsr olunmuş mətbuat konfransında bildirib.
O qeyd edib ki, ABŞ administrasiyası Azərbaycanla münasibətləri prioritet istiqamətlərdən biri hesab edir.
“ABŞ-Azərbaycan münasibətləri Birləşmiş Ştatlar və Tramp administrasiyası üçün əsas prioritetlərdən biridir. Biz Cənubi Qafqaz regionunda yeni sülh dövrünü qarşılamağa hazırlaşırıq”, – deyə Kaleb Orr vurğulayıb.
Onun sözlərinə görə, səfər çərçivəsində ABŞ şirkətlərinin Azərbaycan iqtisadiyyatına marağı ilə bağlı keçirilən görüşlər gələcək perspektivlərə dair nikbinliyi artırıb.
“Bu səfər zamanı Azərbaycana investisiya yatıran ABŞ şirkətləri ilə söhbətlərimdən və burada gələcəkdə biznes imkanları barədə eşitdiklərimdən sonra iqtisadi əməkdaşlığımızın görünməmiş səviyyələrə çatacağına hər zamankından daha çox inanıram”, – deyə o bildirib.
Kaleb Orr əlavə edib ki, iqtisadi dialoqun əsas məqsədi ticarət, biznes və investisiya sahələrində ikitərəfli imkanların genişləndirilməsidir.
“ABŞ və Azərbaycan ticarət, biznes və iqtisadi investisiyalar üzrə ikitərəfli imkanların artırılmasına sadiqdir”, – deyə ABŞ rəsmisi qeyd edib.