Azərbaycanın Əməkdar artisti Ufada milli rəqs sənətini təqdim edib
Ufa, 2 iyun, AZƏRTAC
Azərbaycanın Əməkdar artisti, Bakı Xoreoqrafiya Akademiyasının dosenti Eteri Cəfərova Ufa şəhərindəki “Toratau” Konqres Zalında keçirilən “Qadın xoşbəxtliyi ərazisi” VI Ümumrusiya Açıq Akademiyasında iştirak edib.
AZƏRTAC xəbər verir ki, beynəlxalq humanitar proqram çərçivəsində azərbaycanlı sənətçi milli rəqs irsinin qorunması, mədəni diplomatiyanın inkişafı və incəsənətin mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsində oynadığı rol mövzularında məruzələrlə çıxış edib.
Eteri Cəfərova “Dünyanı birləşdirən qadınlar” adlı plenar müzakirə platformasında “Rəqsin ritmində sülh və həmrəyliyin naxışları” mövzusunda məruzə təqdim edib. Çıxışında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Azərbaycanın milli-mədəni irsinin beynəlxalq miqyasda tanıdılmasında həyata keçirdiyi fəaliyyətinə xüsusi yer ayrılıb.
Qeyd edilib ki, həyata keçirilən təşəbbüslər nəticəsində muğam, xalçaçılıq, kəlağayı sənəti, eləcə də yallı, köçəri və tənzərə kimi ənənəvi rəqslər Azərbaycanın mədəni irs nümunələri kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.
Səfər zamanı Eteri Cəfərova Rudolf Nureyev adına Başqırdıstan Xoreoqrafiya Kollecinin tələbələri üçün ustad dərsləri keçib və onları Azərbaycan milli rəqsinin əsasları ilə tanış edib. İştirakçılar “Uzundərə” və “Qarabağ yallısı” xalq rəqslərinin əsas hərəkətlərini öyrəniblər. Tələbələrin ifasında təqdim olunan “Qarabağ yallısı” iki xalq arasında mədəni yaxınlığın və qarşılıqlı əlaqələrin rəmzinə çevrilib.
Azərbaycanlı sənətçi tədbirin qala-konsertində də iştirak edib. Konsertdə onunla yanaşı, Rusiyanın Xalq artistləri Sergey Bezrukov və Andrey Sokolov, “Emmi” mükafatı laureatı, pianoçu Lola Astanova, həmçinin Başqırdıstanın Xalq artisti Askar Abdrazakov kimi tanınmış mədəniyyət və incəsənət xadimləri çıxış ediblər. Eteri Cəfərova solo nömrəsində Azərbaycan xalq-səhnə rəqsinin zənginliyini və ifadəliliyini nümayiş etdirib.
Bundan başqa, o, Başqırdıstan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində keçirilən xoreoqrafiya kollecinin məzun konsertinin fəxri qonağı olub, həmçinin Ufada görkəmli balet artisti Rudolf Nureyevin muzeyini ziyarət edib.