RƏSMİ XRONİKA
ALMAS İLDIRIMIN 100 İLLİK YUBİLEYİNİN KEÇİRİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
2007-ci ildə müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, istiqlal şairi Almas İldırımın (İldırım Əbdülməhəmməd oğlu Almaszadənin) anadan olmasının 100 illiyi tamam olur.
Almas İldırımın yaradıcılığı Azərbaycan mühacirət poeziyasının bənzərsiz səhifələrindən birini təşkil edir. Şairin milli azadlıq və müstəqillik uğrunda mübarizəyə həsr olunmuş əsərlərində xalqımızın ağrılı tarixi taleyi, vətən məhəbbəti və qəriblik mövzusu dolğun bədii əksini tapmışdır.
Azərbaycan ədəbiyyatının inkişafında özünəməxsus xidmətləri olan Almas İldırımın 100 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təklifləri nəzərə alınmaqla, Almas İldırımın 100 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 aprel 2007-ci il.