Altı ayda 168,5 min daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb
Bakı, 14 iyul, AZƏRTAC
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən digər fəaliyyət sahələrində olduğu kimi, daşınmaz əmlakın qeydiyyatı sahəsində də həyata keçirilən innovativ addımlar vətəndaş məmnunluğuna ünvanlanıb. Tətbiq edilən yeniliklər, prosedurların sadələşdirilməsi daşınmaz əmlakın qeydiyyatının daha da aktivləşməsinə səbəb olub. Belə ki, cari ilin yanvar-iyun ayları ərzində 168 min 532 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb.
Xidmətdən AZƏRTAC-a bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,6 faiz çoxdur. Altı aylıq göstəricinin 42 min 955-i (25,5 faizi) ilkin, 125 min 577-si (74,5 faizi) isə təkrar qeydiyyatın payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-iyun ayları ərzində ilkin qeydiyyat 29,7 faiz artıb.
Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 23 min 57-si fərdi yaşayış və bağ evi, 40 min 987-si mənzil, 98 min 866-sı torpaq sahəsi, 1780-i qeyri-yaşayış binası, 3417-si qeyri-yaşayış sahəsi, 401-i əmlak kompleksi, 23-ü çoxmərtəbəli yaşayış binası, 1-i isə çoxillik əkmələrdir.
Qeyd edək ki, cari ilin yanvar-iyun ayları ərzində dövlət qeydiyyatına alınan daşınmaz əmlaklın 25,8 faizi Bakı şəhərində, qalanları isə bölgələrdə yerləşir.