Altı ayda statistik vahidlərin sayı 3 faiz artıb
Bakı, 21 iyul, AZƏRTAC
Yanvar-iyun ayları ərzində statistik vahidlərin (fərdi sahibkarlar istisna olmaqla) sayı 3 faiz artaraq iyulun 1-nə 150 min 555 təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, artım iqtisadiyyatın “Turistlərin yerləşdirilməsi və ictimai iaşə”, “Nəqliyyat və anbar təsərrüfatı”, “İnzibati və yardımçı xidmətlərin göstərilməsi”, “Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi”, “İnformasiya və rabitə”, “Daşınmaz əmlakla əlaqədar əməliyyatlar”, “Su təchizatı; tullantıların təmizlənməsi və emalı” və “Peşə, elmi və texniki fəaliyyət” sahələrində nəzərəçarpacaq dərəcədə olub. “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Digər sahələrdə xidmətlərin göstərilməsi”, “Tikinti”, “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” və “Peşə, elmi və texniki fəaliyyət” sahələrindəki statistik vahidlərin xüsusi çəkisi daha yüksəkdir. Xüsusi mülkiyyətə aid olan statistik vahidlərin əsas hissəsi “Ticarət; nəqliyyat vasitələrinin təmiri” (30,1 faiz), “Digər sahələrdə xidmətlərin göstərilməsi” (19,5 faiz), “Tikinti” (9,8 faiz), “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” (7,8 faiz), “Peşə, elmi və texniki fəaliyyət” (6,9 faiz) və “Emal sənayesi” (5,7 faiz) sahələrinin payına düşür.
Reyestrdə qeydiyyatdan keçmiş statistik vahidlərdən tam xarici investisiyalı və birgə müəssisələr əsasən Türkiyə (22,1 faiz), İran (10,7 faiz), Rusiya (4,8 faiz), Böyük Britaniya (4,5 faiz), ABŞ (1,7 faiz) və Almaniya (1,2 faiz) kimi ölkələrin sahibkarları tərəfindən yaradılıb.
Hesabat dövründə ləğv edilmiş statistik vahidlərin 21,6 faizi “Maliyyə və sığorta fəaliyyəti”, 18,3 faizi “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, 11,6 faizi “Peşə, elmi və texniki fəaliyyət”, 10,4 faizi “Digər sahələrdə xidmətlərin göstərilməsi”, 6,6 faizi “Tikinti” sahələrində, qalanları isə digər bölmələrin payına düşür. Bu dövrdə yeni yaradılmış statistik vahidlərin 32,4 faizi “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, 9,4 faizi “İnzibati və yardımçı xidmətlərin göstərilməsi”, 8,4 faizi “Digər sahələrdə xidmətlərin göstərilməsi”, 8 faizi “Peşə, elmi və texniki fəaliyyət”, 7,5 faizi “Tikinti”, 6,7 faizi “Turistlərin yerləşdirilməsi və ictimai iaşə” sahələrinin, qalanları isə digər bölmələrin payına düşür. Yeni yaradılmış statistik vahidlərin 97,3 faizi xüsusi mülkiyyətli (o cümlədən 19,2 faizi tam xarici investisiyalı, 1,9 faizi birgə mülkiyyətli), 2,7 faizi isə dövlət mülkiyyətli müəssisələrin payına düşür.
Qeydiyyatda olan statistik vahidlərin 59,5 faizi Bakıda yerləşmişdir. Hesabat dövründə yeni yaradılmış statistik vahidlərin 82,5 faizi Bakıda, 5,3 faizi Abşeron, 3,9 faizi Aran, 2,7 faizi Gəncə-Qazax, 1,5 faizi Lənkəran, 1,3 faizi Şəki-Zaqatala və qalanları isə digər iqtisadi rayonlarda qeydiyyata alınıblar. Statistik vahidlərin yaradılması prosesi Bakı şəhərində (4,2 faiz), Abşeron iqtisadi rayonunda (2,4 faiz), Naxçıvan Muxtar Respublikasında (1,5 faiz), Gəncə-Qazax iqtisadi rayonunda (1,4 faiz), Şəki-Zaqatala, Quba-Xaçmaz və Dağlıq Şirvan iqtisadi rayonlarında (hər birində 1,1 faiz), Lənkəran və Aran iqtisadi rayonlarında (hər birində 1 faiz) daha fəal olub.
Bu dövrdə Bakı şəhəri üzrə 167, Aran iqtisadi rayonu üzrə 21, Abşeron iqtisadi rayonu üzrə 15, Naxçıvan Muxtar Respublikası üzrə 13, Gəncə-Qazax iqtisadi rayonu üzrə 10, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 5, Lənkəran iqtisadi rayonu üzrə 4, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 3 və Yuxarı Qarabağ, Kəlbəcər-Laçın və Dağlıq Şirvan iqtisadi rayonlarının hər biri üzrə 1 statistik vahid ləğv edilib. İyulun 1-nə ölkədə mövcud olan mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin (fərdi sahibkarlar istisna olmaqla) sayı Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”na uyğun olaraq işçilərin orta siyahı sayı və illik gəliri meyarı əsasında müəyyən edilib.
Göründüyü kimi, ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 91,9 faizini mikro müəssisələr təşkil edib və onların əsas hissəsi ticarət (32 faiz), digər sahələrdə xidmətlərin göstərilməsi (16,3 faiz), tikinti (10,2 faiz) və kənd təsərrüfatı (8,2 faiz) sahələrində yaradılıb.
Ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 5,4 faizini kiçik müəssisələr təşkil edib və onların əsas hissəsi ticarət (29,1 faiz), tikinti (12,8 faiz), emal sənayesi (9,4 faiz) və peşə, elmi və texniki fəaliyyət (7,4 faiz) sahələrində yaradılıb.
Bu kommersiya təşkilatlarının ümumi sayının 2,2 faizini orta müəssisələr təşkil edib və onların əsas hissəsi ticarət (25,5 faiz), tikinti (16,3 faiz), emal sənayesi (12 faiz) və nəqliyyat və anbar təsərrüfatı (5,7 faiz) sahələrində yaradılıb. Ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 0,5 faizini iri müəssisələr təşkil edib və onların əsas hissəsi ticarət (18,4 faiz), emal sənayesi (15,5 faiz), tikinti (15 faiz) və nəqliyyat və anbar təsərrüfatı (6,7 faiz) sahələrində yaradılıb. Mikro müəssisələrin 62,5 faizi Bakıda, 11 faizi Aran, 7,2 faizi Abşeron, 4,9 faizi Gəncə-Qazax, 4,7 faizi Lənkəran, qalanları isə digər iqtisadi rayonlarda yaradılıb. Kiçik müəssisələrin 66,9 faizi Bakıda, 8,9 faizi Aran, 5,9 faizi Gəncə-Qazax, 5,8 faizi Abşeron, 2,8 faizi Şəki-Zaqatala, qalanları isə digər iqtisadi rayonlarda, orta müəssisələrin 63,1 faizi Bakıda, 9,5 faizi Aran, 5,8 faizi (hər birində) Abşeron və Gəncə-Qazax, 4 faizi Şəki-Zaqatala, qalanları isə digər iqtisadi rayonlarda, iri müəssisələrin 77,1 faizi Bakıda, 6,1 faizi Aran, 5,9 faizi Abşeron, 4 faizi Gəncə-Qazax, qalanları isə digər iqtisadi rayonlarda açılıb.