AMADA gimnastlar üçün geniş təbliğat proqramı həyata keçirib
Bakı, 27 may, AZƏRTAC
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) gimnastlar üçün xüsusi antidopinq maarifləndirici təbliğat proqramları həyata keçirib.
AMADA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təbliğat proqramları mayın 21-23-də Azərbaycanda keçirilmiş aerobika gimnastikası üzrə dünya yaş qrupları yarışları və bu gün start götürən 16-cı dünya çempionatı çərçivəsində təşkil edilib. Bu, COVID-19 pandemiyası ilə əlaqədar uzunmüddətli fasilədən sonra ilk kütləvi və genişmiqyaslı təbliğat proqramıdır. Belə ki, 18 ölkədən 202 gimnastın iştirak etdiyi dünya yaş qrupları yarışlarında, habelə 22 ölkədən 171 idmançının qatıldığı dünya çempionatında AMADA xüsusi antidopinq guşəsi yaradıb. Təbliğat proqramı çərçivəsində idmançılarla təmiz idman dəyərləri, idmanda ədalət prinsipi və antidopinq nəzarətinin əhəmiyyəti ilə bağlı maarifləndirmə işi aparılıb. Müxtəlif ölkələrdən olan gimnastlara antidopinqlə bağlı biliklərini artırmaq üçün müxtəlif əyani vəsaitlər, bukletlər, habelə AMADA tərəfindən hədiyyələr verilib.
Təbliğat proqramına böyük maraq göstərən gimnastlar xüsusi guşəyə yaxınlaşaraq təşviqat vəsaitləri ilə tanış olaraq antidopinqlə bağlı əyləncəli viktorinada iştirak ediblər. İdmançılar burada təşkil olunan fotosessiyada iştirak etməklə təmiz idmanın təşviqinə öz töhfələrini veriblər.