AMEA-nın İqtisadiyyat İnstitutu 60 illik fəaliyyəti dövründə böyük uğurlar qazanıb
Bakı, 27 fevral, AZƏRTAC
Bu il Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İqtisadiyyat İnstitutunun yaranmasının 60 ili tamam olur. İqtisad elminin inkişafına böyük töhfələr vermiş bu qurum 1958-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə SSRİ Elmlər Akademiyasının (EA) nəzdində təşkil edilmiş iqtisadiyyat və coğrafiya sektorlarının bazası əsasında yaradılıb. İnstitut fəaliyyətə başladığı dövrdə (1958-1960-cı illərdə) onun strukturu siyasi iqtisad və iqtisadi fikir, sənaye iqtisadiyyatı, kənd təsərrüfatının iqtisadiyyatı, sosialist istehsalının yerləşdirilməsi və xalq təsərrüfatı tarixi şöbələrindən ibarət olub. Sonrakı dövrlərdə müəssisədə aparılan elmi tədqiqat işləri həmin dövrün keçmiş ittifaq və respublikanın hökumət və dövlət orqanları tərəfindən müəyyənləşdirilmiş mühüm iqtisadi problemlərinin həllinə yönəldilib. XX əsrin 1970-1980-ci illərində bu elm ocağında yerinə yetirilmiş tədqiqat işlərinin səviyyəsini xarakterizə edən əsas cəhətlərdən biri də həmin dövrdə institut əməkdaşlarının 23 elmi nəticəsinin sovet elminin ən mühüm nailiyyətləri kimi qiymətləndirilərək SSRİ EA rəyasət heyətinin hesabatına daxil edilməsi olub.
AZƏRTAC xəbər verir ki, fəaliyyət göstərdiyi 60 il ərzində İqtisadiyyat İnstitutunda Azərbaycan iqtisadiyyatının formalaşdırılması və inkişafı istiqamətində sanballı elmi tədqiqat işləri hazırlanıb, peşəkar milli kadrlar, iqtisadçı alimlər yetişdirilib. Burada Bəhmən Axundov, Əlisöhbət Sumbatzadə, Əhməd Mahmudov, Asəf Nadirov və Ağasəlim Ələsgərov kimi tanınmış iqtisadçı alimlər çalışıb.
Son illər institut iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsinin sosial-iqtisadi inkişafa təsirinin kəmiyyətcə ölçülməsi metodologiyasını müəyyənləşdirib. Bu elmi müəssisədə həmin metodologiya əsasında tənzimlənmənin nəticələrini qiymətləndirməyə imkan verən iqtisadiyyatın solluq (sağlıq) - İS(S)İ indeksi hesablanıb. Bu metodologiya və indeks dünya ölkələrində həyata keçirilən iqtisadi islahatların nəticələrini təhlil etməyə, qiymətləndirməyə, müqayisə aparmağa və proqnozlaşdırmağa imkan verir.
Azərbaycanın müstəqillik qazanması ilə yanaşı, bazar iqtisadiyyatına keçid ölkəmizin iqtisadiyyatının və iqtisad elminin inkişafı sahəsində də yeni mərhələnin başlanğıcı olub. Eləcə də İqtisadiyyat İnstitutu qarşısında yeni dövrün tələblərinə uyğun vəzifələr qoyub. Son illər institutda 1.637-dən çox monoqrafiya, məqalələr məcmuəsi və kitab, elmi məqalələr nəşr edilib.
AMEA Rəyasət Heyətinin qərarına əsasən, institutun 60 illiyi ilə əlaqədar respublika səviyyəsində konfransın keçirilməsi, nəşrlərin hazırlanması nəzərdə tutulur.