ELM VƏ TƏHSİL
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir
Bakı, 6 dekabr (AZƏRTAC). Dekabrın 6-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin (RH) növbəti iclası “Günəşdə qlobal rəqslərin fiziki modelləri” mövzusunda elmi məruzəyə həsr edilmişdir.
Akademiyadan AZƏRTAC-a bildirmişlər ki, AMEA-nın prezidenti, akademik Mahmud Kərimov iclası açaraq gündəlikdəki məsələlərlə bağlı məlumat vermişdir.
Tədbirdə AMEA Şamaxı Astrofizika Rəsədxanasının Günəş və Günəş-Yer əlaqələri şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Namiq Cəlilov “Günəşdə qlobal rəqslərin fiziki modelləri” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzədə bildirilmişdir ki, günəş fizikasının fundamental və tətbiqi əhəmiyyətə malik bir sıra problemlərinin həlli onun qlobal rəqslərinin öyrənilməsi ilə bağlıdır. Alim bu sahədə bir sıra tədqiqatların aparıldığını, alınmış nəticələrin Ümumdünya Astrofizika Cəmiyyəti tərəfindən iki dəfə astrofizika sahəsində ilin ən mühüm nəticəsi kimi qeyd olunduğunu və əldə olunan nəticələr əsasında 100-dən çox elmi məqalənin nüfuzlu jurnallarda dərc edildiyini diqqətə çatdırmışdır.
N.Cəlilov elmi məruzə ilə bağlı sualları cavablandırmışdır.
Məruzə ətrafında çıxış edən akademik Mahmud Kərimov, fizika üzrə fəlsəfə doktorları Elçin Babayev və Cəsarət Əliyev mövzunun aktuallığını qeyd etmişlər.
Elmi məruzə AMEA RH-in qərarı ilə təsdiq edilmiş və qərara alınmışdır ki, bu sahədə aparılan tədqiqatlar genişləndirilsin.
AMEA-nın nəzdində Aqrar Bölmənin yaradıldığını diqqətə çatdıran M.Kərimov akademik Qərib Məmmədovun bu bölmənin akademik-katibi təyin edildiyini bildirmiş və bu münasibətlə onu Rəyasət Heyəti adından təbrik etmişdir.
İclasda “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasının təmin edilməsi, “Türk Akademiyası” beynəlxalq təşkilatının təsis edilməsi haqqında saziş”, AMEA Naxçıvan Bölməsi və Gəncə Regional Elmi Mərkəzi üzrə doktoranturaya qəbulun nəticələri, AMEA-nın müxbir üzvü Bala İsgəndərovun 75 illik yubileyinin keçirilməsi məsələlərinə baxılmışdır.
AMEA RH qərarı ilə AMEA-nın müxbir üzvü İlham Ələkbərov AMEA Zoologiya İnstitutunun, biologiya elmləri doktoru Validə Əlizadə isə AMEA Botanika İnstitutunun direktoru vəzifəsinə təyin edilmişlər.