AMEA YT Park ilə Estoniyanın “BOLT” şirkəti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
Bakı, 19 iyun, AZƏRTAC
AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) Estoniyanın “BOLT” şirkətinin nümayəndələri ilə əməkdaşlığa dair görüş keçirilib. AMEA-dan AZƏRTAC-a bildirilib ki, akademik Əli Abbasov qonaqlara YT Parkın fəaliyyət istiqamətləri, burada istehsal olunan ixracyönümlü məhsullar, rezidentlər üçün yaradılmış əlverişli şərait, güzəşt mexanizmləri və xidmətlər barədə ətraflı məlumat verib. Bildirib ki, YT Park innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi məqsədilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi üçün müasir infrastrukturu, maddi-texniki bazası və idarəetmə qurumları olan ərazidir.
Daha sonra şirkətin nümayəndə heyəti çıxış edərək YT Parkın rezidenti olmaqda maraqlı olduqlarını bildirib, Azərbaycanda həyata keçirmək istədikləri layihə barədə məlumat verib. Qeyd edilib ki, dünyanın 30-dan çox ölkəsini əhatə edən “BOLT” Avropanın sürətlə böyüyən 3 şirkəti reytinqinə daxildir.
Görüş zamanı iki qurum arasında müvafiq istiqamətlərdə əməkdaşlığın təşkilinə və birgə layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb. “BOLT” şirkətinin rezident olaraq qəbul edilməsi məqsədəuyğun hesab edilib.